Moderator.az Türkiyədə təhsil alan tələbə Nurlana İbrahimli ilə müsahibəni təqdim edir:
”“ Nurlana özün haqqında bir az məlumat ver.
Mən, Nurlana İbrahimli 7 dekabr 1992-ci il Naxçıvan şəhərində dünyaya göz açmışam. Atam mühəndis, anam isə həkimdir. Orta məktəbə 5 yaşım olarkən getsəm də, tez bir zamanda digər şagirdlərdən fərqlənərək sinif nümayəndəsi seçildim. Məktəb dövrüm boyunca bütün tədbirlərdə aktiv şagird idim. Orta məktəbi 2009-cu ildə əla qiymətlərlə bitirdikdən sonra, həmin il Naxçıvan Dövlət Universitetinin Biologiya fakultəsinə daxil oldum. Universitet dövrümdəki ictimai fəallığım Naxçıvan MR Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan MR Gənclər və İdman Nazirliyinin keçirdikləri viktorinalar və digər tədbirlərlə davam edirdi. “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü”x9d münasibəti ilə keçirilən tədbirdə bioloq olaraq çıxış etdikdən sonra məni Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə dəvət etdilər. Babam və dayılarım hərbçi olduğundan, həddən artıq Vətən sevgisi ilə böyümüşəm. Buna görə NTV-də öz seçimimlə məni “Sosial məsələlər və Hərbi Vətənpərvərlik”x9d redaksiyasına təyin etdilər. Burada 2 ildən artıq redaktor və aparıcı olaraq çalışdım. Universiteti 2013-cü ildə müvəffəqiyyətlə başa vurdub, magistr təhsili üçün ilk öncə ALES imtahanı və digər imtahanları verdikdən sonra Türkiyənin tibb üzrə 1 nömrəli Universiteti olan Hacettepe Universitetində Təməl Onkologiya və Farmokologiya ixtisaslarında oxumaq haqqı qazandım. Seçimim Təməl Onkologiya (Basic Oncology M.Sc.) oldu. Hacettepe Universitetində 1 il İngilis dili üzrə təhsil aldım. Hazırda Universitetin həm Onkoloji Laboratoriyası, həm də HLA-Gen Laboratoriyasında təhsilimi davam etdirməklə yanaşı, universitet bizi Türkiyənin bir çox şəhərlərinə və xarici ölkələrə konfranslara da göndərir.
”“ Türkiyədə oxumağa necə qərar verdin?
Naxçıvan MR Türkiyə ilə Azərbaycanı və Mərkəzi Asiyanı ”“ türk dünyasını birləşdirən qapıdır. Naxçıvan Dövlət Universitetinin də Türkiyə ilə əlaqələri geniş olduğundan, bəzən Türkiyədən gələn müəllimlər bizə seminarlar keçirdi və beləliklə, Türkiyə təhsil sistemi haqqında təsəvvürüm formalaşırdı. Eyni zamanda 2011-ci ildə anamla birlikdə Kocaeli Universitetində oldum. O, reanimasiya şöbəsində olurdu, mən isə laboratoriyalardakı zəngin aparatlar və işləmə funksiyaları ilə tanış oluduqca çox həvəslənirdim. Əvvəllər magistr təhsilimi avropa ölkələrində almağı düşünsəm də, bu təcrübələrdən sonra Türkiyədə də effektli şəkildə biliklərə yiyələnəcəyimə inandım və hazırda da imtahanların çox ağır olmasına baxmayaraq, hər gün biliyimin üzərinə daha çox bilik artırdığımı gördükcə universitet həyatımın bitməsini heç istəmirəm.
”“ Türkiyəyə getdiyin ilk günlərdə hansı çətinliklərlə üzləşdin?
Əgər başqa ölkələrdən birində olsaydım, çox gümanki, daha çox çətinliklə qarşılaşacaqdım. Amma Türkiyə həqiqətən bizdəndir, qardaşdır, doğmadır. Mən Ankaraya gəldiyim vaxt burada 1 nəfər belə tanışım yox idi. Ailəm hər zaman ən böyük dəstəkçim olub. Atam qəbul prosesləri zamanı, anam isə bir sıra sənəd işləri və yaşayış yerinin təmin olunmasında yanımda oldu. Ancaq universitetin yüksək tələbləri ilk günlər mənə çətinlik yaratsa da, tezliklə müəllimlərin diqqəti nəticəsində sistemə uyğunlaşa bildim.
”“ Xarici tələbələrin azərbaycanlılara münasibəti necədir?
İstər ən yüksək qurum olsun, istər adicə ictimai nəqliyyatda əksər Türkiyə vətəndaşları bizim azərbaycanlı olduğumuzu bildikdə çox sevinir, dərhal Azərbaycanla bağlı suallar verirlər. Ancaq çox təəssüf ki, bəzi digər xarici vətəndaşlarla yanaşı, bəzi Türkiyə vətəndaşlarının da bizim haqqımızda məlumatı azdır. Bayrağımızı tanımayan, Bakıdan başqa heç bir şəhərimizin adını bilməyən, ən əsası da torpaqlarımızın işğal olunmasını, başımıza gələn olmazın işgəncələr haqqında bilməyənlər də var. Ancaq müşahidə edirəm ki, bizimlə bağlı get-gedə daha çox maraqlanır, məlumatlanmağa çalışırlar. Türkiyənin digər şəhərlərindəki əksər tələbələrimizlə birlikdə gücümüz yetdiyi qədər Vətənimizi tanıtmaq və ən əsası Qarabağ problemi, Xocalı soyqırımı haqqında hər fürsətdə məlumatlar verməyə çalışırıq.
-Azərbaycanın tarixini dünyaya çatdırmaq üçün hansı layihələri həyata keçirirsiz?
Azərbaycanımızın tanınması üçün tələbələr və bəzi qurumlarla birgə hər zaman müxtəlif işlər görməyə çalışırıq. Ancaq mən hər bir tələbənin edə biləcəklərini vurğulamaq istəyirəm. Vətənindən kənara çıxan hər bir kəs, vətənini təmsil edir, vətəninin adını daşıyır. Ona görə xaricdə olarkən əvvəlkindən daha diqqətlə hərəkətlərimizə, gördüyümüz işlərə fikir verməliyik. Bir insan xarici vətəndaşla yaxşı ünsiyyət qurmaqla, yaxşı dost olmaqla da öz millətini yaxşı tanıtmış olur. Eyni zamanda düşünürəm ki, bir xarici vətəndaşa belə Azərbaycan haqqında danışmaq önəmli bir işdir. Çünki, həmin şəxs başqa dostuna, o da digər bir dostuna məlumat verəcəkdir. Yeni gəldiyim zamanlar universitetin yeməkxanasında masaların üzərində broşurlar diqqətimi çəkirdi. Bir gün mən də Xocalıda yaşanan olaylara dair balaca yazı hazırlayıb, masaların üzərinə qoymağa başladım. Düşünürəm ki, böyük vəsaitlər xərcləyib, böyük layihələr həyata keçirmək biz tələbələr üçün hər zaman mütləq deyil.
”“ Azərbaycanlı tələbələrin diasporla əlaqələri varmı?
Əlbətdə. Hər birimiz diaspor potensialından milli maraqlarımızın qorunması üçün yararlanmalıyıq. Burada yaşayan həmvətənlərimiz arasında birliyin təmin olunması üçün diaspor əlaqələri zəruridir.
”“ Xaricdə oxumaq istəyən tələbələrə nə məsləhət görərdin?
Yüksək biliyə malik tələbələrimiz çoxdur. Bu gün xaricdə təhsil almaq istəyən tələbənin əsas problemi, xarici universitetə qəbul olmaqdan daha çox maddi problemlərdir. Tanıdığım bir neçə tələbə xaricdə təhsil almaq hüququ qazansa da təqaüdlə təmin olunmadığı üçün ya təhsil almaqdan imtina edib, ya da təhsilini yarımçıq qoyaraq geri qayıdıb. Gənclərə məsləhət görürəm ki, internetdən, digər xaricdə oxuyan tələbələrdən, müəyyən təşkilatlardan təqaüdlər haqqında məlumat alsınlar. Unutmasınlar ki, hər bir işdə hədəfin olması çox önəmlidir. Eyni bir fikri yüzlərlə insan düşünə bilər. Lakin sənin fərqin onda olmalıdır ki, sadəcə düşünməklə qalmayıb o iş üçün bir addım atasan. Bu addımla sən artıq öz ideyana reallaşmaq üçün şans vermiş olursan. Sən nə qədər çalışsan xəyalına bir o qədər yaxınlaşacaqsan. Mən özüm də Türkiyədə təhsil almaq istəyən tələbələrimizə məmnuniyyətlə kömək etməyə hazıram.
Elşən Yəhyayev


































































































