Moderator.az “Xocalıya ədalət istəyirik!”x9d silsiləsindən ikinci yazını təqdim edir.
Birinci yazını bu linkdən oxumaq olar---moderator.az/news/123028.html
Fevral ayının 26-sı Xocalı faciəsinin 24 ili tamam olur. 24 ildir ki, Xocalıdan salamat çıxa bilən insanlar fevral ayında yas saxlayır, matəm içində olurlar. 24 ildir ki, onların Xocalı dərdlərinin yarası qaysaq bağlamır. “Xocalıya qayıdana kimi Vətən yaramız qan verəcək”x9d- deyibən haray edirlər. Dünyadan Xocalıya ədalət istəyirlər!
Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı, 2 saylı Xocalı orta məktəbinin direktoru Fiqurə Rüstəmovayla söhbətimiz davam edir.
Füzuli Rüstəmov kəşfiyyat dəstəsinin rəhbəri Felmarın yaralandığı zaman ona əmanət etdiyi həyat yoldaşını kənddə qoymaq istəmir. Bilir ki, ermənilər onu tutsalar diri-diri dərisini soyacaqlar...
“Qardaşım heç nəyə baxmayıb gedib Felmarın arvadını da gətirdi. Gecəydi, hər tərəf ağappaq qar, hava soyuq, bir yandan da meşəyə girə bilmək üçün çayı keçmək lazım idi. Ermənilər xüsusi işıqlarla ətrafı işıqlandırıb "Alazan" atırdı. İşıq düşdükcə ağ qarın üstündə qara paltarlı insanlar aydın seçilirdi. Harda qaraltı görürdülərsə dayanmadan ora atəş açırdılar. Çayı salamat keçə bilənlər meşəyə üz tutmuşdu. Xocalı meşələri çox sərt kol-kosu, həm qaratikan kolları, həm böyürtkən kolları, həm də iri ağacları olan vahiməli meşəydi. Meşəyə çıxa bilən camaatı Elman müəllim saxlamışdı ki, özbaşına harasa getməsinlər, gözləsinlər, qabağa bələdçi düşsün. Qardaşım çaylaqda görür ki, Bakıdan öz dəstəsi ilə köməyə gələn Aqil Quliyev yaralanıb, ancaq onu apara bilmirlər. Qardaşım deyir ki, o, Bakıdan bizə köməyi gəlib, heç vaxt onu yaralı halda burda qoyub gedə bilmərik. Özü də kömək edib Aqil Quliyevi xərəkdə meşəyə çatdırdılar. Meşəyə çatan kimi Elman müəllim qardaşımı camaata bələdçi qoşdu. Qardaşım qabaqda gedirdi, əgər erməni postu görmürdüsə camaatı keçirdirdi. Beləcə həmin yolla bir neçə dəstəni keçirə bildi. İkinci dəstənin içində yaralananlar olmuşdu. Qonşumuz Mikayıl kişinin həm üzündən, həm də qarnından güllə dəymişdi. Qardaşım onu yaralı vəziyyətdə atmayıb, maykasını cırıb yaralarını sarımışdı, qucağında keçirib ağdamlılara vermişdi. O biri tərəflərə nisbətən bizim getdiyimiz yol bir qədər az təhlükəliydi. Ona görə də bizim dəstədən çox insan Ağdama salamat çata bilmişdi. Dayım oğlu Şükür qardaşımı saxladı ki, daha dala qayıtma, ancaq qardaşım qalmadı, “arvad-uşağı girov aparırlar, mən burda qalammaram”x9d-deyib geri qayıtdı. Meşədə də erməni dayanmadan camaatı qırırdı, birinin qanı o birinin üstünə tökülürdü. Kəndimizin müəllimələri Təzəgüllə Göyçək xanım meşədə qardaşımı görür, nə illaf edirlərsə də geriyə qaytara bilmirlər. Üçüncü dəstəni keçirdəndə qardaşımgil də erməniyə atəş açırmış. Erməni güllənin gəldiyi istiqaməti güdüb qardaşımgili güllələmişdi. Aqil Quliyevə də xərəkdə yenidən güllə dəyib, yerə düşmüşdü, hələ bir qədər də torpaqda sürünmüşdü... Əlif Hacıyevi, Araz Səlimovu da orda vurmuşdular. Ələsgər Novruzovu da orda yaralayıb əsir götürmüşdülər. Tofiq Hüseynov beşmərtəbənin zirzəmisində qalan camaatı çıxardıb meşəyə gətirəndə mühasirəyə düşərək şəhid olmuşdu. Araz Səlimovun özündən başqa iki qardaşı, atası da şəhid olmuşdu. Neçə gündən sonra Ağdam məscidinə dördünün də meyitni birdən gətirmişdilər. Bacılarının biri məscidə girib dörd meyiti yanaşı görəndə oradaca infarkt keçirmişdi. Həmin ailədən Səlimov soyadını daşıyan bircə Arazın 3 yaşında oğlu qalmışdı. Elə ana var idi ki, yetimçiliklə üç oğul böyütmüşdü. Oğlanlarının birini 1991-ci ilin axırında Əsgərənda güllələmişdilər, birini həmin gecə kənddə güllələmişdilər, o birini də girov götürmüşdülər, qaytarmadılar. Həmin ana oğul deyə-deyə burda vəfat elədi, Pirşağı qəbiristanlığında dəfn elədik, üç oğlunun da şəklini həmin məzara vurduq”x9d.
Xocalı camaatının başına gətirilən vəhşilikləri dinləmək heç də asan deyil. Fiqurə müəllimə danışdıqca yaşananlar kino lenti kimi göz önündə canlanır. O vəhşilikləri yaşayıb, indi də bir daha yaşayırmış kimi danışmaq isə çox, amma çox ağırdı, bunu müəllimənin avazımış rəngi, titrəyən dodaqları deyir...
“Xocalıda 25 uşaq hər iki valideynini itirdi, qohum-əqrəba əlində böyüdülər. 8 ailə tamamilə yer üzündən silindi, soyadlarını daşıyacaq kimsə qalmadı. Afilə müəllimə vardı, yoldaşı Vaqif və üç oğluyla bərabər ailəlikcə yoxa çıxdılar. Müharibə idi düzdür, ancaq müharibədə qadınlar, körpələr öldürülməz axı. Ananı güllələmişdilər, iki gündən sonra meyitini götürəndə görmüşdülər ki, qucağında 9 aylıq körpəsi sağ qalıb. Meşənin digər tərəfindən gedib Ağdamın Abdalgülablı kəndinə keçmək istəyənlərin çoxusunu öldürmüşdülər. Xalam da həmin yolu getmişdi deyə qardaşım canını tapşırana qədər xalamdan nigaran qaldı. Xalam deyirdi ki, ermənilər əllərində itlə ova çıxmışdılar sanki. İt bunlara tərəf hürüb, hardasa 25-30 nəfər imişlər. Ermənilər itin hürdüyü yerə avtomatın darağını boşaldırlarmış. Kimə dəyirmişsə canını tapşırırmış. Xalamın qolunda indi də güllə var, damarların arasındadır deyə çıxartmaq təhlükəlidir. Qolları qəlpəylə doludur, gələndə ayaqları soyuqdan donub şişmişdi. Onlar olan dəstədə 30 adamdan 10-12-si salamat Ağdama çıxa bilmişdi. Xalam danışırdı ki, həmin vaxt 300 nəfərə yaxın Xocalı sakini üzü aşağa qaçırmış. Ermənilər onları mühasirəyə alıb hamısını girov götürürlər. Xalamgil də yuxarıdan gizlincə həmin girov götürülənlərə baxırmış. Mehdi adlı oğlan ermənilərin yaxınlaşdığını görüb onlara güllə atır. Ermənilər avtomatın darağını Mehdinin qarnına boşaltmışdı. Mehdi Bakıda institutda, birinci kursda oxuyurdu. Elə ana olmuşdu ki, o mənzərəyə tab gətirməyib ürəyi partlamışdı. Ürəyi partlayan ananın oğlunun başına sonradan hava gəldi. Ermənilər girov götürülən həmin 300 nəfərin içindən 12 cavan oğlan seçir. Həmin oğlanların üçü Matan adlı arvadın oğlanları olub. Kəndimizin həkimini də həmin 12 nəfərin arasında imiş. Onda Matan gedib erməniyə yalvarır ki, mənim üç oğlumu aparırsız, barı bu həkimi bizə verin. Ermənilər deyir ki, qoy nəsə eləsin biz də həkim olduğuna inanaq. Həkimin də üstündə ləvazimatları var imiş, tez yaralananlardan birinin yarasını sarıyır, ermənilər inanandan sonra həkimi buraxırlar. Həmin 12 oğlan kəndin boylu-buxunlu, igid, ali təhsilli, say-seçmə oğlanları idi. İşgəncələr verəndən sonra onları buraxmışdılar, ancaq birindən hələ də xəbər yoxdur. Qardaşım öləndən sonra yalvarırdım ki, dostları gəlib cənazəsini yerdən götürsünlər. Halbuki onlardan heç kim salamat qalmayıbmış. Qardaşımı Tərtərin Süsənli kəndində dəfn elədik, yeddisi çıxandan sonra Ağdama getdim, orda eşitdim ki, qardaşımın dostları da öldürülüb”x9d.
Füzuli Rüstəmova ölümündən sonra 1997-ci ildə Milli Qəhrəman adı verilib.
“Qardaşım Milli Qəhrəman adını öz halal əziyyətiylə, halal zəhmətiylə alan oğullardan biridir. Qardaşım anadangəlmə qəhrəman doğulmuşdu, elə sona qədər də qəhrəmanlıq etdi. Xocalıların dərdini danışmaqla, söyləməklə bitirmək olmaz. Deyərdim ki, yer üzündə belə dərd, belə faciə görülməmişdi. İtiridiyimiz əzizlərimizin bir paltarı qalmayıb ki, qoxusunu alaq, bir şəkilləri yox ki, baxıb ağlayaq. Sonradan qardaşımın bircə şəklini tapmışdıq, onu da səkkizinci sinifdə oxuyanda çəkdirmişdi. Qardaşım evlənməmişdi ki, barı bir övladı yadigar qalaydı, həsrətini balasıyla ovunduraydıq. Nə gəzdiyi torpaqlar var, nə böyüdüyü ev var, nə həyət var ki, təsəlli yerimiz olsun. Sağ qalmağımızın nə mənası var axı... İzimizi itirdilər, ölənimizi ödürdülər, qalan yerimizi də sanki şumladılar. Qardaşım çiçəkləri çox sevirdi, yaz açılanda çöldən evə yığışmazdı, çiçəklərdən yığıb dəstə bağlıyardı. Qızlara, qonum-qonşuya pay verərdi, eyvanı güllərlə bəzəyərdi. Ancaq indi heç məzarının üstündə belə gül-çiçək bitmir...”x9d
Zaman keçsə də, illər onları Xocalıdan çox uzaqlaşdırsa da ümidlərini itirməyiblər, Vətən həsrətləri körüklənməyib. Hələ də Xocalıya qayıdacaqları günün həsrətiylə yaşayırlar.
“Yəqin ki, dövlətimiz, rəhbərimiz vətən həsrətiylə qovrulan bizləri də fikirləşir. Vətəndə çəkilən videoları gördükcə varımızdan yox oluruq ki, kaş biz də gedə biləydik... Müharibə yoluyla olsa belə torpağımızı, doğulduğumuz, böyüdüyümüz vətənimizi istəyirik. Mən özüm belə əlimə silah götürüb müharibəyə getməyə hazıram, yetər ki, qardaşımın ayaq basdığı yerlərdə erməninin gəzməsinə imkan verməyək. Arada fikirləşirəm ki, gedib orda qardaşımın özünə tikdirdiyi evin xarabalıqlarını görsəm bəlkə də infarkt olaram, ölərəm. Amma zaman göstərir ki, əgər qardaşımın ölümünə dözə bilmişəmsə, ora getsəm, o evi görsəm də ölmərəm. Qardaşımın sevdiyi qız var idi, az qalırdı ki, ona nişan aparaq. Bu 24 ildə hər dəfə o qızı görəndə əllərimlə gözlərimi bağlamışam. Bilməmişəm ki, o qıza öz gözümlə baxım, yoxsa qardaşımın gözüylə... Əgər o hissləri keçirəndə ölməmişəmsə, qardaşımın qurub, içində yaşaya bilmədiyi evi görəndə də ölmərəm demək... Bizə belə tale yazılıbmış, heç bilmədik erməni yazdı bu taleni, yoxsa ki, Allah elə əzəldən belə qara yazıbmış... ”x9d
Qeyd edək ki, Xocalı faciəsinin içindən salamat çıxa bilən xocalılar pərən-pərən düşərək, 57 rayona pənah gətiriblər. Bir hissəsi də həmin ilin may ayından Pirşağıda Qızıl qum deyilən sanatoriyada məskunlaşıblar. Fiqurə müəllimə Qızıl qum-da 2 saylı Xocalı orta məktəbinin direktorudur. Ailəlidir, bir övladı var. Gücü çatan qurumlardan xahiş edərək məktəb üçün balaca da olsa bina tikdirməyə nail olub. 2012-ci ilin may ayından xocalıların övladları yeni məktəb binasında təhsil alır.
Rumiyyə MİRASLAN



































































































