Moderator.az tanımış aşıq Zülfiyyə ilə müsahibəni təqdim edir.
- Son bir neçə ay yaradıcılığınızda bir durğunuluq hiss olundu. Nə ilə bağlı idi?
-Bu yaxınlarda nəvəm dünyaya gəldi, başım ona qarışmışdı. Buna görə çəkilişlərə də bir qədər gedə bilmirdim. Amma indi hər şey qaydasındadır.
-Sənətçilərin çoxu “toy böhranı”x9d yaşamasından şikayətlənir. Sizdə vəziyyət necədir?
-İndi hər kəsdə belədir. Camaatın çoxu krizis vəziyyətindədir. Heç kəsin əlində heç nə yoxdur, Varı olan da bilmir ki, sabah nə olacaq, fikirləşir ki, toydan da önəmli məsələlər var.
-Hökümət qənaət rejiminə keçir. Bəs Zülfiyyə xanım nədə qənaət edəcək?
-Ümumiyyətlə, israfçılığı sevmirəm. Vəziyyət ilə bağlı isə yalnız evimdə nəyəsə və ya geyimimdə qənaət edə bilərəm. Şərt deyil ki, hər həftə yeni bir şey geyinəsən, bunu ayda və ya iki ayda bir də etmək olar. Onsuz da geyimə çox da önəm verən adam deyiləm. Fikrimcə, yalnız bu cür qənaət edə bilərəm, başqa fikrim yoxdur.
-Bir müddət “Ozan”x9d verilişinin aparıcısı olduz. Yenidən efirə qayıtmaq ehtimalınız varmı?
-Heç həvəsində də deyiləm ki, həmin verilişə yenidən qayıdım. Çünki verilişin bütün kollektivi dəyişdi. Bu da normal hal idi. Heç nə əbədi deyil. Hər verilişin bir dövranı olur. Bildiyiniz kimi, həmin veriliş hazırda davam edir, aparıcısı da çox savadlı oğlandır, dostumuzdur. Qətiyyən bu barədə bir narahatlığım yoxdur. Hətta bu yaxınlarda qulağıma çatdı ki, məni yenidən o verilişə qaytarmaq istəyirlər, lakin şərtləri var. Şərt olaraq da bildirilir ki, çəkiliş günü dəyişdirilməsin. Bizim vaxtımızda toy məclislərimiz olanda çəkilişin vaxtını dəyişmək olurdu. Lakin indi buna imkan verilmir. Bu səbəbdən marağında da deyiləm.
-Bir çox tanınmış sənətçi bəzi televiziya kanallarının “qara siyahı”x9dna düşdüyünü bəyan etdilər. Siz də bu cür hədəfə tuş gəlibsinizmi?
-Xeyr, olmayıb. Sağ olsun bütün televiziya kanalları, məni verilişlərə dəvət edirlər, mən də sevə-sevə gedib iştirak edirəm. Yəni, heç bir televiziya kanalından bir narazılığım yoxdur.
Televiziyaları da qınamaq olmaz. Görün bu gün nə qədər müğənni var. Televiziyalar necə çatdırıb bunların hamısını efirə dəvət etsin? Reallığı başa düşmək lazımdır.
-Televiziya verilişlərindən hansını bəyənirsiz, hansı sizdə qıcıq doğurur?
-Bəzən verilişlərdə elə şitliklər olur ki, bu da nəinki mənim, çox adamın xoşuna gəlmir. Aparıcı sanballı, səviyyəli olmalıdır. Ona baxıb birinici növbədə ləzzət almalısan. Əgər aparıcı yüngül, bambılı olarsa, əlbəttə ki, tamaşaçı onu qəbul etməz. Oynamaq, deyib-gülmək qəbul ediləndir, lakin yerli-yersiz hər dəqiqə yox da. Hər şeyi məqamında etmək lazımdır.
-Bəzən ustad aşıqlar belə qadınların aşıq olmasına etiraz edir, tənqidlərini bildirirlər.
-Bu mövzu çox səslənib. Elə iki gün əvvəl də ATV-də bu barədə müzakirələr oldu. Mən isə sadəcə belə deyərdim, onu deyən adam ən azı savadsızın biridir. Mənim savadım yoxdur, bunu boynuma alıram, lakin bu cür kəlməni dilimdən çıxartmazdım. Bunu özüm də qadın aşıq olduğum üçün demirəm. Belə fikirlər səsləndirən insanlar fikirləşməlidir ki, niyə qadından prezident, nazir, spiker, kosmonavt ola bilər, bircə aşıq ola olmaz. Deməli, bunu deyən adam düşüncəsizdir. Bizim nə qədər məhəbbət dastanlarımız var. Əgər qadın aşıqlarımız olmasaydı onlar necə yaranardı? Deməli, onda belə çıxır ki, bizim folklorumuz olmazdı.
-Qadın aşıq ilə kişi aşığı arasında hansı fərqli və özəlliklər var?
-Qadın aşıq sənətində bir qədər incəlik, mədəniyyət daha yüksək olmaldır. Kişi aşıqları hər cür sözlər işlədə bilər, lakin qadın aşıqları bu məsələyə daha diqqətli yanaşmalıdır. Qadın ilk növbədə anadır, qadın deyəndə insanın gözü önündə əxlaq, tərbiyə canlanır.
-Bir neçə il bundan əvvəl Aşıqlar Birliyini kəskin tənqid etmişdiz. İndi münasibətiniz necədir?
-İnanın ki, məsələ belə olmamışdı. Mən sadəcə demişdim ki, bu günlərdə dünyasını dəyişən Zəlimxan müəllim, ola bilsin ki, səhhəti ilə bağlı işlərlə maraqlana bilmir. Mənim sözümü necə başa düşüb yazmışdılar, anlaya bilmədim. Şəxsən mən özüm o məqaləni oxuyanda utandım. Mənim birinci nə həddimə ki, Aşıqlar Birliyini tənqid edim. Bu ola bilməz və mümkün deyil. İkinci də ki, ordakı bütün insanlara, başda da rəhmətlik Zəlimxan müəllim olmaqla hər kəsə hörmətim olub. Allah Zəlimxan müəllimə qəni-qəni rəhmət eləsin. Onun ölümü bütün türk dünyası üçün böyük bir itki idi. Mən deyərdim ki, onun ölümünə yer-göy, saz ağlayırdı.
-Yəni, qurumun fəaliyyətindən indi razısız?
-Aşıqlar Birliyi gördüyünüz kimi çoxlu sayda konsertlər verir, festivallar təşkil edir. Tədbirlərinə məni də dəvət edirlər. Lakin nədənsə əvvəllər bu konsertlərə görə aşıqlara qonorar verilirdisə, indi verilmir. Elə aşıqlar var ki, onlar rayonlardan gəlməli olur, maddi imkanları da çox aşağı səviyyədə olur, onlar məcbur olub borc tapıb tədbirə qatılmalı olurlar. Qurum tərəfindən bu məsələyə diqqət olsa daha yaxşı oar. İnanıram ki, bu olacaq və Aşıqlar Birliyi fəaliyyətini daha da möhkəmləndirəcək. Lakin aşıqlarımızın da bu məsələdə hardasa günahı var, bəzən biz özümüz səhlənkarlığa yol veririk.
-Vergilər Nazirliyi çoxli sayda sənətçini vergi ödəməməkdə ittiham etdi, cərimələdi. Bu cərimələr sizi də haqladımı?
-Dünən getmişdim ora. Birinici gün gedib VÖEN-imi alıram. Dövlət qarşısında boynumuz qıldan incədir. Nə deyirlərsə, onu yerinə yetirmək boynumuzun borcudur.
-Cərimə edilmisiz?
-Xeyr.
- Manatın devalvasiyası sənətkarların da etirazına səbəb oldu. Bəziləri mətbuatda, bəzilər isə sosial şəbəkələrdə bununla bağlı öz tənqidlərini bildirdilər. Bəs siz necə?
-Mənim sosial şəbəkələrdən başım çıxmır, nə bir şey paylaşa, nə də yerləşdirə bilirəm. Narazılıq deyəndə ki, bir məsəl var, “palaza bürün, elnən sürün”x9d. Camaatın artıq o imkanı yoxdur, hər şey bahalaşmağa doğru gedir. Amma incəsənət, şou aləmində bahalıq söhbəti yoxdur.
-Təkcə sənətlə gündəmdə qalmaq mümkündürmü?
-Əlbəttə. Bəziləri indi ola bilsin ki, başqa şeylərlə gündəmə gəlir, amma tanıdığım bir çox insanlar var ki, onlar yalnız öz sənəti ilə gündəmdə qalırlar.
-Bundan sonra fəaliyyətinizdə hansı yeniliklər gözlənilir?
-Şükür ki, hər gün efirdəyəm. Yeni mahnılarım var, onların davamı gələcək.
-Bu gün efirdə çoxlu aşıqlar peyda olub. Onların səviyyəsi sizi qane edirmi?
-Hər çiçəyin öz ətri, hər yeməyin öz dadı var. İlk dəfə efirə çıxanda bizim də müəyyən səhvlərimiz olub. Ola bilsin ki, get-gedə onlar da püxtələşəcək, səhvləri varsa düzəldəcəklər. Bu baxımdan narazı olduğum biri yoxdur. ("Yeni Müsavat")



























































































