“Daxili resurslar hesabına vəziyyətdən çıxmaq çətin olacaq”x9d

Hazırda oxunan: “Daxili resurslar hesabına vəziyyətdən çıxmaq çətin olacaq”x9d

113644

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb. Onunla əməkdaşımızın söhbətinin ikinci hissəsini təqdim edirik:


Müsahibənin əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/113483.html 

- Naxçıvan son dövrlər müsbət nümunə kimi bəzi addımları ilə yaxşı mənada hamını heyrətləndirib. Bu dəfə də “naxçıvanbank”x9dın kreditorların köhnə məzənnə ilə, yəni alınmış kreditləri 1 dollar 1 manat 5 qəpik olmaqla ödənməsi haqqında qərarı ciddi rezonans doğurdu. Bu nümunə bütün ölkə üzrə həyata keçirilə bilərmi? Bunun üçün prezidentin göstərişimi lazımdır?

- Mənə elə gəlir ki, bu məsələ ilə bağlı hakimiyyət daxilində bir razılaşma var və həmin razılaşmanın tərkib hissəsi kimi Naxçıvanda bu addım atılıb. Yəni Naxçıvanbankın maliyyə resursları imkan verdiyindən humanist bir addım atıb.İstərdim ki, Azərbaycanın digər bankları da xüsusilə aztəminatlı ailələrin məişət avadanlıqları almaq üçün götürdükləri kreditləri köhnə məzənnə ilə tələb etsinlər.Banklar zamanında yüksək faizlərlə kredit verməklə böyük pullar qazanıblar. Bilirsiniz, insanlarımızın bir çoxu artıq kreditləri ödəmək iqtidarında deyil. Devalvasiyadan sonra belə çıxır ki, insanlar 10 aydır kredit ödəmələrinə baxmayaraq onların köhnə borcları yenidən əvvəlki səviyyəsində qalıb və sanki onların 10 aylıq ödədikləri pullar batıb. Ona görə də təkcə banklar yox ,hökumət də bu insanları düşünməlidir. Hər halda ümid edirəm ki, ikinci devalvasiyanın şokunu yaşayan cəmiyyətdə, xüsusən də banklardan istehlak kreditləri götürən insanlarımıza dəstək olmaq üçün hökumət belə bir humanist addıma gedəcək. Əks halda çoxlu sayda insanlarımız  böyük məhrumiyyətlər çəkəcəklər. Çoxları da sadəcə həmin kreditləri qaytara bilməyəcəklər.

- Əvvəllər illik inflyasiyaya müvafiq maaş və təqaüdlərə əlavələr edilirdi, amma bu boyda devalvasiyadan sonra da hökumət buna adekvat addımlar atmağa tələsmir. Bu anormallıq deyilmi?

- Bilirsiniz, hökumət elə ona görə devalvasiyaya getməyə məcbur olur ki, ölkənin maliyyə sistemində problemlər yaranır. Yəni konkret olaraq maliyyə çatışmazlığı hiss olunur. Biz elə ona görə vaxtilə Milli Məclisdə çıxış edib deyirdik ki, əgər ixracın 98 faizi neft və neft məhsullarıdırsa, deməli bu ölkəyə yalnız bu məhsullar valyuta gətirir. Amma əvəzində ərzaq məhsullarından tutmuş gündəlik tələbat mallarına, məişət avadanlıqlarından tutmuş digər zəruri əşyalaradək hər şey xaricdən idxal olunur və nəticədə olan - qalan valyutamız xaricə axır. Maaş və təqaüdlərin devalvasiyaya adekvat artacağını isə gözləməyə dəyməz. Çünki maaş və təqaüdlər artırılacaqsa o zaman devalvasiyaya getməyin nə mənası qalır ki? Ona görə də bayaq qeyd etdiyim kimi yubanmadan özəlləşdirməyə gedilməli, ölkədə əlverişli biznes mühiti yaradılmalı, sahibkarların ucuz kreditlərə çıxış imkanları olmalıdır. Azərbaycanı bu böhrandan çıxarmaq üçün Neft Fondunda qalan 34 milyardlıq vəsaitdən həddindən artıq səmərəli istifadə olunmaqla ölkənin ixrac potensialını artırmaq lazımdır. Bundan əlavə xarici borclanmadan da qorxmaq lazım deyil və iqtisadiyyatımıza kənar mənbələrdən investisiya cəlb edilməlidir. Bunun üçün beynəlxalq aləmlə də münasibətlər yaxşılaşdırılmalıdır ki, nüfuzlu maliyyə mərkəzlərindən əlverişli şərtlərlə kreditlər almaq mümkün olsun. Çünki etiraf edilməlidir ki, həmin kreditləri cəlb edə bilməsək daxili resurslar hesabına vəziyyətdən çıxmaq çətin olacaq.

- Fikirlərim opponentlik etmək kimi qəbul edilməsin. Prezident İlham Əliyev bir neçə dəfə deyib ki, xarici maliyyə təşkilatları bizə sərfəli şərtlərlə kreditlər vermək üçün az qala yalvarırlar. Amma biz ötənlərdə onların verdikləri kreditlərin əvəzində bizdən tələb etdikləri şərtlərin qəbuledilməz olduğundan dərs götürərək onların bu səxavətindən imtina etmişik. Amma indi görünən odur ki, yenə onlara möhtac olacağıq və bizə verəcəkləri kreditin müqabilində yenə hansısa qəbuledilməz istəklərdə bulunsalar, nə cavab veriləcək...?

- İstər dövlət olsun, istər lap adi vətəndaş, bankdan kimsə kefindən gedib kredit götürmür ki. Yəni məcburiyyətdən kredit üçün banklara müraciət edilir. Prezidentin də dediyi tamamilə doğru idi və biz son illərdə nəinki kiminsə kreditinə möhtac idik, özümüz kimlərəsə kredit verirdik. Amma mövcud vəziyyət başqa reallıqları diktə edir. Buna görə də iqtisadiyyata yeni nəfəs vermək üçün xaricdən vəsait cəlb edilməlidir. Yoxsa bir daha deyirəm ki, həmin 34 milyardla Azərbaycan iqtisadiyyatını yenidən qurmaq çətin olacaq. Üstəlik, bəzi transmilli layihələr var ki, onların tikintisinin başa çatdırılması üçün öhdəliklərimiz var və bu layihələrə də külli miqdarda vəsait ayrılmalıdır. Bundan başqa xarici borclarımız da var və mərhələ-mərhələ həmin borcların ödənilməsi həyata keçirilməlidir. Hökumət ilk növbədə çalışmalıdır ki, azərbaycan vətəndaşları əlverişsiz biznes şərtləri,o cümlədən mülkiyyət toxunulmazlığının tam təmin edilmıdiyi səbəbindən xaricə çıxardıqları külli miqdarda vəsaiti geri qaytarsın. İkincisi, elə bir mühit yaradılmalıdır ki, vətəndaşlar əllərində bərk-bərk saxladıqları milyardlarla vəsaiti etibar edib banklara qoysunlar. Elə etmək olar ki, həmin pullar banklara qaytarılar və sahibkarlar da istədikləri ucuz kreditləri ala bilərlər. Təbii ki, prezident vergidə və gömrükdə maksimum şəffaflığın təmin edilməsinin vacibliyini qabartdı, sözsüz ki, bunun da təsiri olacaq. Amma bu tədbirlər düşünürəm ki, iqtisadiyyatımızın inkişafı üçün yetərli deyil. Buna paralel müstəqil məhkəmə islahatlarına gedilməlidir. Sahibkarlıq o yerdə inkişaf edir ki, sahibkar pozulmuş hüquqlarını məhkəmələrdə bərpa edə bilsin. İnzibati yolla hüquqları qorumaq mümkün deyil. Sahibkar əmin olmalıdır ki, məhkəmələr qətnamələrin satıldığı hərrac deyil. Sözümün canı odur ki, sistemli şəkildə bir çox sahələrdə paralel islahatlar keçirilsə, Azərbaycan 2-3 il ərzində çox ciddi yüksəlişə nail ola bilər. Əgər radikal dönüşə nail olunmasa təbii ki, Neft Fondundakı həmin 34 milyard vəsaitlə bir-iki il ancaq sosial xərcləri qarşılamaqla ölkə ətalət üzrə hərəkət edə bilər. Baxmayaraq ki, biz onu da nəzərə almalıyıq ki, müharibə vəziyyətində olan ölkəyik və hər an atəşkəs pozula bilər. Ona görə də gözümüzü həmin pula dikməməliyik. Başqa mənbələr hesabına iqtisadiyyatımızı gücləndirməliyik.

- İnhisarçılıq adlı bəlanın da iqtisadiyyatımızı və ölkədəki sahibkarlıq mühitini məhv etdiyini hamı bilir. Heç də təsadüfi deyil ki, prezident az qala hər çıxışında bu bəlaya qarşı fikirlər səsləndirir, amma vəziyyətdə köklü dəyişiklik olmadığını hamımız gündəlik həyatımızda hiss edirik. Doğrudanmı inhisarçılıq da korrupsiya kimi elə bir bəladır ki, onu yox eləmək bu qədər çətindir? Şəxsən mən iqtisadçı olmasam da əminəm ki, inhisarçılığı yox etmək üçün bircə ciddi tapşırıq, qətiyyətli siyasi iradə yetərlidir...

- Təbii ki, istənilən ölkədə köklü islahatların həyata keçirilməsi siyasi iradəyə bağlıdır. Bu istər məhkəmə islahatlarıyla, istər siyasi və iqtisadi sferanı əhatə edən islahatlarla bağlı olsun. Amma siyasi iradə ilə yanaşı bu mexanizmi işlək hala gətirmək üçün həmin liderin komandası tərəfindən proqramlar işlənib hazırlanmalı və həyata keçirilməlidir. Yəni siyasi iradə olmaqla yanaşı qəbul edilmiş qərarları peşəkarlıqla icra edə biləcək səviyyəli komanda lazımdır. Amma bu komanda da qanunlara tabe olmalıdır. Mən hüquqşünas olduğuma görə demirəm, hər zaman söyləyirəm ki, Azərbaycanda hüquqi islahatlar aparılmadan, məhkəmə sistemini tamamilə yeniləmədən ciddi uğurlara nail olmaq mümkün deyil. Mən bir  fakt söyləyim. Bizim keçmiş deputat həmkarımız olan Aynur xanımı tanıyırsınız. Onların və başqalarının “Texnikabank”x9dın Binəqədi filialının müdiri pullarını mənimsəyib. Həmin şəxs törətdiyi əməllərə görə 7 ildir cəza çəksə də onun vurduğu zərərin ödənilməsi ilə bağlı məhkəmə qərarı hələ də icra olunmur. Yəni 7 ildir ki, bu qərar məhkəmələrdə futbol topu kimi bir birinə ötürülür. Bu ləğv edib ona göndərir, o ləğv edib buna göndərir. Nəticədə üzərinə həbs qoyulmuş əmlakın taleyinə aydınlıq gətirilməməsi səbəbindən həmin əmlakın satılaraq zərərin ödənilməsi təmin edilmir. Bu gün ölkə məhkəmələrinin real durumu budur. Ona görə də mən deyirəm ki, ilk növbədə acınacaqlı durumda olan məhkəmə sistemində islahatlara gedilməlidir ki, vəziyyəti ölü nöqtədən tərpətmək mümkün olsun.Bu tipli və bundan da biabırçı çoxlu misallar çəkə bilərəm. Ona görə də mən həmişə söyləyirəm ki, məhkəmə islahatları aparılmadan bütün xoşməramlı səylər və təşəbbüslər də nəticəsiz qalacaq.  

- Azərbaycan - Amerika münasibətlərinin bu həddədək gərginləşdirilməsinə gərək varmı? Niyə belə bir situasiyanın yaranmasına rəvac verilir?

- Dəfələrlə parlamentin tribunasından da demişəm, siz də bilirsiniz ki, Amerikada və Avropada güclü erməni lobbisi var. Həmin lobbiçilərin də istər respublikaçılara, istər demokratlara çox ciddi təzyiq, təsir imkanları var. Yerli və beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatları var ki, onlar bir çox insanın siyasi motivlərlə həbs olunmasını iddia edirlər. Mən də dəfələrlə hökuməti çağırmışam ki, həmin şəxsləri azad eləsin, yəni bu beynəlxalq təşkilatlarla qarşıdurmaya gedilməsin. Əvvəla, həbs olunmuş həmin şəxslərin böyük bir qismi artıq cəzalarının bir hissəsini çəkiblər, ona görə də onları bundan sonra orada saxlamağa ehtiyac yoxdur. Amerikada da indiki zamanda belə bir layihənin ortaya çıxarılmasının da əsas səbəbi onunla bağlıdır ki, son zamanlar cəbhədə atəşkəs tez - tez pozulur və erməni lobbisi bununla bağlı Obama administrasiyasına ciddi təzyiq edir. Əslində burada həbsdə olanlardan daha çox əsas motiv elə budur. Digər tərəfdən həmin həbs olunanlar içərisində Amerika özünə yaxın hesab etdiyi şəxslər var. Onlar hesab edirlər ki, həmin adamlar azadlığa buraxılmalıdır. Kristofer Smit zaman - zaman ermənipərəst mövqeyi ilə seçilən bir adam olub. O yaranmış münbit vəziyyətdən istifadə edərək bu məsələni gündəmə gətirməklə təzyiq etmək istəyir. Mən hesab edirəm ki, üzdə olmasa da Amerikanın rəsmi qurumları tərəfindən də Smitin bu ermənipərəst sənədinə dəstək verilir. Biz partiya olaraq da bu ermənipərəst layihəni qınamışıq. Eyni zamanda Helsinki Komisiyyasının hazırladığı bu layihəyə deputat həmkarım Rövşən Rzayevin də anoloji sənəd hazırlamasını başa düşürəm. Bu onun hüququdur. Sözsüz ki, Amerikada bu məsələ konqresdə müzakirəyə çıxarılacaqsa Azərbaycanda da bu Rövşən müəllimin təqdim etdiyi sənəd parlamentdə müzakirəyə çıxarılacaq. Amma hesab etmirəm ki, məsələ o həddədək gəlib çatmalıdır. Biz amerikanların belə bir ermənipərəst avantürist layihəsini dəstəkləmədiyimiz kimi Rövşən müəllimin təqdim etdiyi sənədi də dəstəkləmirik ki, bizim parlamentdə də belə bir layihə müzakirəyə çıxarılsın. Ümid edirəm ki, bu gərginliyə son qoyulacaq və ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyulacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin