Şair-publisist Namiq Hacıheydərlinin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Şair olmaq necə hissdir? Ümumiyyətlə bu istedadı
hisslərlə ifadə etmək olarmı?
-Şair olmaq məsuliyyətdir. Çiynində bir ömür yük
daşımaqdır. Özünü yurdda və millətin taleyində baş verən hər şeyə cavabdeh kimi
hiss edərək yaşamaqdır şair olmaq. Sözsüz ki, dediklərim şairlik missiyasının
nə demək olduğunu idrak edənlərə aiddir.
-Deyirlər,
insanın ən operativ tənqidçisi özü olmalıdır. Aşkar fikirlərini biruzə verməsə
də daxilində özünün hansı səviyyədə olduğunu bilir. Namiq Hacheydərli bu
tənqidi daxilində saxlayır, yoxsa...
-Hər insan özünün kim olduğunu bilə
bilməz. İnsan özünü bilsə, tanısa, daxili imkanlarını aşkara çıxarmağı bacarsa,
möcüzələr yaradar. İstər lovğalıq, eqoistlik kimi mənfi xüsusiyyətlər, istərsə
də aşağılıq kompeksi insanın özünü tanımamasından qaynaqlanır. Dediyiniz daxili
tənqid də bunun üçün lazımdır. Təkcə tənqid yox, həm də daxili öygü lazımdır.
İnsan özünə divan tutmağı və özünü ödülləndirməyi bacarmalıdır. İnsan təbiətin
özü kimidir. Yəni gecəylə gündüzün, tikanla çiçəyin, işıqla qaranlığın,
pisliklə yaxşılığın, ruhla cismin, Tanrı ilə İblisin vəhdətidir
insan varlığı. Sən içindəki Tanrınımı böyüdəcəksən, şeytanımı, çiçəyimi
suvaracaqsan, tikanımı, işığınmı tərəfində olacaqsan, qaranlığınmı? Ruhunmu
istədiklərini edəcəksən, cisminmi? Bütün bunlar insanın seçimidir. Bu anlamda
insanın sonsuzadək seçim imkanları var. İnsan iblis ola bildiyi kimi allahlaşa
da bilər. Bütün bunlar isə özünü idrakdan keçir.
- Sizi daha çox milli türk ruhlu poeziyanın nümayəndəsi kimi tanıyırlar.
Mən bildiyim Namiq Hacıheydərli maraqlı məhəbbət şeirləri də yaza bilər, təbiət
təsvirlərini özündə əks etdirən poetik nümunələr də yarada bilər. Nə üçün daha
çox milli ruh?
-Bəlkə də bu sahədə daha çox boşluq
olduğunu görürəm, ondandır. Digər tərəfdən bu sahə bizim ən ağrılı
tərəfimizdir. Hazırda bizdə toplum olaraq milli ruh yetərincə oyanıq deyil. Bu
həm də ondan irəli gəlir ki, bizdə bu günə qədər milli ideologiya yoxdur. Biz
millət olaraq hara gedirik, yolumuz haradır, hədəfimiz nədir? Bütün bunlar
bəlli deyil. Azərbaycan toplumu olaraq qeyri-müəyyən yol gedirik. İslam adı
altında ərəbləşdik, Müasirləşmə adı altında qərbi yamsıladıq. Hər şey ola
bildik özümüz olmaqdan başqa. Biz biz edəcək, özümüzə qaytaracaq, ruhumuzu diri
tutacaq, bütövləşdirəcək, vahidləşdirəcək Milli İdeologiyamız işlənib
hazırlanmalıdır. Əyər belə bir ideologiyamız olararsa, insanlarımız məscidə
türk girib vəhabi çıxmayacaq, gəlmə ideologiyalar bizdə qəbul olunmayacaq.
Erməninin kilsəsi xristianı erməniləşdirir, İranın məscidi müsəlmanı irançı
edir, Ərəbistan məbədləri əcnəbini ərəbləşdirir. Bizdə isə dövlətə və millətə
böyük xidmətlər edə biləcək insanlarımız yadlaşır, irançılaşır, ərəbləşir,
ruslaşır. Nədəni bu ki, Milli İdeologiyamız yoxdur. Nəsimi filmində maraqlı bir
məqam var. Hamı Nəsiminin öldürülməsini tələb edərkən Əmir Teymur, “nə vaxtacan
baş kəsib, qan tökməklə zəfər qazanacam? Bəs hanı sizin kəlamınızın qüdrəti”x9d?-
deyir. Bu gün bizdə də eyni yanlış siyasət var. Zor tətbiq etməklə, həbslə, qorxu
yaratmaqla hansısa ideologiyanın qarşısını almaq istəyirlər. Əksinə, belə olanda
yad ideologiyanın dirəniş gücünü artırmış olursan. Gəlmə ideologiyaların
qarşısına yalnız milli ideologiya ilə çıxmaq lazımdır. İdeoloji silahları
yalnız ideoloji silahlarla susdurmaq olar. Bu üzdən milli düşüncəli
aydınlarımıza böyük imkanlar tanınmalıdır, onlara meydan verilməlidir.
İndi sualınızın ikinci tərəfinə,
sevgi şeirləri məsələsinə cavab verim. Sevgi şeirləri daha çox əyləncə
duyğularına xidmət edir, bu üzdən ciddi ədəbiyyat deyil. Əlbəttə, ədəbiyyatın
hədəfi gözəllikdir. Lakin unutmaq olmaz ki, gözəl olan heç də gözəllik deyil.
Sevgi şeirlərinin əksəriyyəti cismani arzudan, qurşaqdan aşağı istəkdən
qaynaqlanır. Füzuli qəzəllərini ilahi eşqlə, Tanrı sevgisiylə bağlayırlar.
Halbuki onun qəzəlləri əksər hallarda qadın cisminin tərifindən başqa bir şey
deyil. Qadın gözəlliklərini tərif edən qəzəllər orta yüzilliklərdə parnoqrafik
film effektini verirdi. Bu səbəbdən belə qəzəllərə meyl güclü idi. İndi şairlər gözəllərin
“xətti-xalına”x9d, “gül camalına”x9d şeirlər yazmır. Çünki hər şey göz önündədir artıq.
Şeiri oxumaqdansa, o şeirdə təsvir olunan gözəlliyə baxmağı daha məqbul hesab
edirlər. Sadə bir misal deyim; Bu gün Füzulinin heç bir qəzəli Roza Zərgərlinin
rəsmi qədər “like”x9d qazana bilmir.
- Çağdaş poeziyamızın bu günündə sizcə ədəbi qurumlar və media orqanları
lazımı səviyyədə prosesi əhatə edə bilirmi?
-Heç bir qurum və media ədəbi prosesi
bütünlüklə əhatə edə bilmir. Çünki hər kəs görmək istədiyini görür. Hər kəs
dünyagörüşünə və marağına uyğun olanı
axtarır. Bu dediklərim ədəbiyyatşünaslarımıza da aiddir. Azərbaycanda bir nəfər
də olsun professional tənqidçi yoxdur. Hətta bizdə olduqca məhdud dünyagörüşlü
ədəbiyyatşünaslar var. Tədqiqat obyektindən qırağa çıxmağı bacarmayan, etnik və
dini mənsubiyyətin fövqünə yüksələ bilməyən darıxdırıcı, məhəlli düşüncəli
tənqidçilərimiz var. Təkcə Əsəd Cahangir həmkarlarından öz üstünlüyü ilə
seçilir. Lakin onu yalnız Azərbaycandakı həmkarları ilə müqayisə ediriksə,
deməli o da xeyli böyüməlidir. Könül istərdi ki, heç olmasa Əsəd bu sahədə
istinad yerimizə çevrilə bilsin.
- Media qurumları demişkən sayt işlətmək üçün maliyyə tələb olunur. Bu da
kapitalizmin bir mediavari prinsipidir. Ümumiyyətlə kapitalizm ədəbiyytala
birlikdə yaşaya bilərmi?
-Kapitalizm paranın hakim olduğu
ictimai-iqtisadi formasiyadır. Bu quruluşda hamı danışsa da, son sözü pul
deyir. Zənninmcə, belə bir dönəmdə ədəbiyyata daha çox gərək var. Dəyərləri
yaşatmaq və sabahlara daşımaq üçün. Eyni zamanda kapitalizmin gətirdiyi
imkanlar sonucunda kapitalistlərin aşırı dərəcədə harınlamaması, az da olsa
mənəvi dəyərlərə sayğı duyması üçün. Bu baxımdan kapitalizm dönəmində
ədəbiyyatın üzərinə daha ağır görəvlər düşür.
- Gənc yazarların yaradıcılığını yaxından izləyirsiz. Məlumdur ki, ədəbi prosesdə iştirak esən və ya iştiraka çalışan gənclərin əksər hissəsi poeziyaya üz tutur. Dramaturgiya zəifləyib. Nəsrə isə çox az imzalar gəlir. əgər bu uğurdursa çox həddini keçməyibmi? Yox əgər problemdisə səbəbi nədir?
-Gənc yazarların poeziyaya üz tutması
təbiidir. Diqqət etsəniz görərsiz ki, gənc yazarların poeziyası az-qala
bütünlüklə sevgi motivləri üzərində qurulub. Sevgi etirafı, sevgi yaşantıları,
nakam sevginin etirafı və sair. Bu da yaşla bağlıdır. Yaş ötdükcə, təcrübə
artdıqca, zamanla gənclər də öz yolunu tapacaq. Bəziləri gəldikləri kimi
dəədəbiyyatdan gedəcəklər, nədən ki, özlərini axtara-axtara yerlərinin
ədəbiyyatda olmaqdıqlarını görəcəklər.
Dramataurgiyanın zəifləməsi isə
təbiidir. Nəsiminin “şeir zamanı deyil, Afət”x9d- dediyi kimi, dramaturgiya zamanı
deyil, Yeqzar bəy! Dram millətlərin həyatında yaşanmış və ötmüş bir dönəmdir.
Yüz il əvvəl teatrla insanlar yönətilirdi, teatra tamaşa edən insanın iç
dünyası dəyişirdi, qadın çadrasını atırdı. Kino meydana gəldi, teatr bir qədər
arxa plana keçdi. Bu gün kinolar artıq arxa plana keçməkdədir. Daha effektli,
daha təsirli janrlar yaranmalıdır və sözsüz ki bunlar olacaq. Eyni zamanda indi
yığcam yaradıcılıq örnəklərinə gərək var. İndi heç kim oxumaq üçün 1200
səhifəlik roman axtarmır. Mümkün qədər az sözlə çox mətləbləri ifadə edə
biləcək janrlara gərək var. İnformasiya mənbələri o qədər çoxalıb ki, oxucu
qarşısındakı əsərə “tez ol, sözünü de”x9d!- düşüncəsi ilə yanaşır.
- Hər
şeyin bir çərvivəsi oldğu kimi ədəbiyyatın da bir çərcivəsi olması lazımdı.
Çərçivəsiz pəncərədən külək rahatca daxil olduğu kimi çərçivəsiz ədəbiyyata
giriş çox rahatdı. Girişi çox olan yerlər həmişə insanı sıxır. Ona görə də
təqdimatlar çox sönük keçir. Dediklərimlə razlsınızmı?
-Ədəbiyyat təəssübkeşi kimi çıxış
etməyini alqışlayıram. Amma narahat olmağa dəyməz və bundan əsla rahatsız
deyiləm. Lap gündə yüz kitab çıxsa da, təqdimatlar ard-arda düzülsə də, hər şey
ələnəcək. Tarixdə yenə gerçək ədəbiyyat qalacaq. İmkanlı istedadsızların
qalın-qalın kitablar buraxmasından isə nəinki rahatsız olmaq, hətta buna
sevinmək lazımdı. Qoy nəşriyyatlarımız və orada çalışan insanlarımız evlərinə çörəkpulu
aparsınlar. Bəlkə də bu, Tanrının təqdiridir.
-
Aylar öncə yeni sayt açmaqla bağlı düşüncələrinizi demişdiz. Nəhayət Doqquz.az
adlı sayt fəaliyyətə başladı. Saytın necə olacağını düşünürsüz, əsasən hansı
sahələri əhatə edəcək?
-Doqquz.az saytı əsasən elm, araşdırma,
təhsil, mədəniyyət və ədəbiyyat saytı kimi fəaliyyət göstərir və belə də davam
edəcək. Azərbaycanda kifayət qədər xəbər saytları var. Bu saytlar o qədər çoxdu
ki, hətta bəzən bir-birləri ilə rəqabətə girmək və daha “operativ”x9dgörünmək üçün
hansısa körpüdən keçəndə inəyin qıçının əzilməsini, hardasa camışın ağ
balasının olmasını, qaynana ilə gəlinin dalaşmasını xəbər adına sırıyırlar
oxucuya. Elm, təhsil, araşdırma sahəsi isə arxa planda qalıb. Bu səbəbdən
saytımızda bunları əsas istiqamət olaraq götürdük və qısa müddətdə saytın
ətrafına bu yöndə xeyli sayda müəllif toplaya bildik.
-
Namiq hacıheydərliyə nə vaxtsa yazdığı
və unutduğu şeiri imzasız təqdim etsələr ne reaksiya göstərər?
-Bu duyğunu yaşamadım deyə dəqiq ifadə
etməkdə çətinlik çəkirəm. Yəqin ki xatırlamağa çalışaram və o şeiri qoruyub
saxlayana minnətdar olaram.
- Son
olaraq gənc yazarlara sözünüz və iradlarınız. Çünki tərəzinin gözündə irad daha
ağırdı.
-Gənc yazarlara sözüm ancaq uğur
arzulamaq olar. Layiq olduqlarını haqq etməyi diləmək ola bilər. İradım və
məsləhətim isə ola bilməz. Ona görə ki, gənclərin yanılmaq və səhv etmək
hüquqları var. Məsləhət ona görə olmaz ki, hər gəncin özünəməxsus ömür yolu və
düşüncə tərzi var. Hansısa yaxından tanıdığın gəncə konkret adacağı addımla
bağlı məsləhət verə bilərsən, amma ümumi məsləhət effektli olmaya bilər. Hətta
yanlış ola bilər.
Sadəcə istəyim odur ki, gənclərimiz
özlərini aşkara çıxarmağa, çərçivələrə sığmamağa çalışsınlar. Sonda bir daha
Nəsimini yad edək: “Sındır qəfəsi, tazə gülüstan tələb eylə”x9d.
Söhbətləşdi:
Yeqzar Cəfərli



























































































