Görkəmli alim, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov gündəmin bir sıra aktual mövzularıyla bağlı Moderator.az - ın suallarını cavablandırıb. Onunla müsahibənin sonuncu bölümünü təqdim edirik:
Müsahibənin əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/105740.html
- Deməli, bizi qorumalı olanlar milli təhlükəsizliiyimizə ermənidən betər təhlükə yaradıbmışlar...
- Bəli. Bəlli oldu ki, artıq bu məsələdə bir neçə mərhələ keçilib, kriminal yolla böyük kapital resursu yığılıb, artıq o qədər azğınlaşıblar ki, hətta hakimiyyətin birinci şəxsinin özünü dinləməkdən də çəkinməyiblər. Bundan sonra ancaq hakimiyyəti qəflətən götürmək qalırmış. Təsəvvür edirsinizmi dövləti hansı təhlükə gözləyirmiş.
- Bu cinayətkar şəbəkənin bu qədər irəli getməsini niyə kimsə bilməyib? Axı ölkənin xüsusi xidmət orqanları təkcə MTN-dən ibarət deyil.
- Təbii ki, etiraf olunmalıdır ki, boşluqlar, hətta ciddi səhvlər olub. Bununla yanaşı, Azərbaycandakı idarəetmə sistemini birmənalı qaralamaq da düzgün deyil. Bəli, problemlər var. Amma indiki mürəkkəb dünyada Azərbaycanın ayaqda durması və dünya birliyində özünə müəyyən mövqelər qazana bilməsini də qiymətləndirməliyik. Bunların hamısı, ilk növbədə, İlham Əliyevin xidmətləridir, görülmüş müsbət işləri danmaq ədalətsizlikdir. Mən bu günki qarmaqarışıq dünyada prezident İlham Əliyevi Azərbaycan cəmiyyəti üçün ən dəyərli resurs hesab edirəm. Özü də təkcə tutduğu vəzifəsinə görə yox, onun bir sıra liderlik keyfiyyətləri var ki, bunlar gerçəkdən də dəyərli resurs hesab olunmalıdır və dünya dövlətlərinin tam əksəriyyətində bu yoxdur. Onun böyük mənəvi-intellektual, idarəetmə, danışıq və davranış üstünlükləri var ki, biz cəmiyyət olaraq həmin resurslardan istifadə etməliyik. Eyni zamanda, hakimiyyət strukturlarındakı və ümumən cəmiyyətdəki digər sağlam resurslar da yeni idarəetmə fəlsəfəsinə absorbsiya və adaptasiya vasitəsilə transformasiya prosesinə cəlb olunmalıdır. Bütün sağlam qüvvələr, bacarıqlı və yaradıcı insanlar dəyərləndirilməli, milli maraqların reallaşması naminə onlara səmərəli fəaliyyət imkanları yaradılmalıdır. Milli konsolidasiyaya, daxili həmrəyliyə və birliyə gedən yol elə idarəetmənin təşkilindən keçir.
- Bayaq belə bir ifadə işlətdiniz ki, məhz kriminal qüvvələr parlamentə də yaramaz adamların ayaq açmasına rəvac verirlər. Sizcə, parlamentə ayaq açan çoxmu yaramaz var?
- Bir az parodaksal da görünə bilər. Mən həmişə demokratiya oyunundan deyil, mahiyyətdən çıxış etməyi sevirəm. Sözlərimə görə məni topa tutanlar da ola bilər. Amma qənaətim budur ki, xüsusən indiki qarmaqarışıq dünyada, dəyərlər sisteminin aşınmaya məruz qaldığı şəraitdə Azərbaycan kimi ölkələrdə parlament seçkilərini, hakimiyyətin mühüm bir qolunun təşkili məsələsini bütünlüklə toplumun-kütlənin ixtiyarına buraxmaq risklidir. Özlərini demokratiya carçıları kimi təqdim edənlər, təbii ki, bunu qəbul etməyəcəklər, amma onlar bilməlidilər ki, kütlə daha çox əfsanələr, ehkamlar, populist şuarlar, şəxsi vurğunluq əsasında seçim edir, hansısa bələğətli danışan, bol-bol vədlər verən qatı fırıldaqçıya, məsuliyyətsiz və vicdansız özünəvurğuna, necə deyərlər, at-dana oğrusuna, anadangəlmə yalançıya, əməlli-başlı psixopata daha çox üstünlük verə bilər. Azərbaycan kimi ölkələrdə hal-hazırda topluma mütləq seçim hüququ verilsə, parlamanetin yarısı psixopatlardan, boşboğazlardan, dayaz intellektli şəxslərdən ibarət olar. Çox uzağa getməyək. 90-cı illərdə siyasi baxımdan yetişməmiş kütləyə müəyyən qədər o şəraiti yaratdılar. Ona görə də parlamentə seçilən adamların bir qismi populistlər, ağır iş görmək əvəzinə boğuşmağa, intriqa qurmağa, kin-kidurət alovlandırmağa həvəslilər oldu. Eynilə, mafioz qrupların, oliqarxların, iri kapital sahiblərinin parlamentə uzanan əlləri kəsilməlidir. Parlament şəxsi və qrup maraqlarını təmin edən orqan deyil. O, yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərməli, dövlətçiliyi və milli mənafeni qorumalıdır, ali mənəviyyat orqanı olmalıdır. Sözümün canı odur ki, parlamentin təşkili, tərkibi məsələsi zəruri olduğu qıədər nəzarətdə saxlanılmalıdır. Bu baxımdan vaxtilə görkəmli alman hüquqşünası və filosofu Karl Şmittin parlamentarizmi tənqid etməsini başa düşürəm. Kponkret olaraq, Azərbyacan parlamentinin tərkibinə gəldikdə isə, çoxunun qafasında, dünyagörüşündə nələrin olduğunu bilsək də, etiraf edilməılidir ki, əvvəılki və indiki tərkibdə də sanballı, layiqli, peşəkar, öz məsuliyyətini bilən adamlar az deyil ”“ həm iqtidar və digər partiyaların təmsilçiləri, həm də bitərəflər içərisində.
- Bayaq İlham Əliyev haqqında çox yüksək fikirlər bildirdiniz və onu bu günki Azərbaycan cəmiyyəti üçün ən dəyərli resurs hesab etdiniz. Amma cəmiyyətdən gələn çağırışlara adekvat reaksiyanın verilməməsi təəccüb doğurur.
- Birincisi, müəyyən reaksiya verilir və prezident obyektiv ictimai rəydə hamıdan çox maraqlıdır. İkincisi, görünür, hakimiyyət eşalonunda və prezidentin yaxın çevrəsindəki insanların bəziləri yeni idarəetmə fəlsəfəsinin diktə etdiyi fəaliyyət qaydalarını daxilən qəbul etmirlər, ən azı intuitiv surətdə hiss edirlər ki, həmin yeni dəyərlər sistemində onlara yer olmayacaq. Özlərini qorumaq naminə dövlət maraqlarını qurban verirlər.
- Bəs birinci şəxsin siyasi iradəsi?
- Prezidentin səlahiyyətləri nə qədər böyük olsa da, bilməliyik ki, hər bir insanın fiziki imkanları var və bu boyda məsələləri dövlət başçısı olan şəxs bütövlükdə üzərinə götürə də bilməz. Prezidentlər, əsasən, dövlətin startaeji və yalnız xüsusi əhəmiyyət daşıyan taktiki məsələlərdə öz iradələrini göstərməlidirlər və bu, bütün dünyada qəbul olunan həqiqətdir. Prezidedntlərin doğru qərarlar çıxarması üçün gərək ona verilən informasiya, icmal və təhlillər obyektiv, qərəzsiz və kamil olsun.
- Belə görünür ki, bu gün İlham Əliyevə düzgün informasiya verilmir.
- Verilir, ancaq qaneedici deyil, subyektiv amil və motivlər maneə yaradır, nöqsanlara yol açır, bəzən də cinayətlərə gətirib çıxarır.
- Deməli, bu qüvvələr prezidentin özünü belə, informasiya blokadasında saxlaya bilirlərsə...
- Prezidentin ən böyük dayağı ”“ ətrafı yox, cəmiyyətdir. Görürsünüz, prezidentin elə bütün çıxışları da cəmiyyətə mesajlardan ibarətdir və hər dəfə ictimai dəstək istənilir. Prezident bununla sanki bildirir ki, mən informasiyanı ətrafımdan, xüsusi xidmət orqanlarının raportlarından çox, cəmiyyətin içindən almaqda maraqlıyam. Prezidentin son müşavirəılərini diqqətlə izləyən hər kəs görür ki, o xalqla işləməkdə, ona güvənməkdə maraqlı olmaqla yanaşı, bütün təbəqələrin ehtiyaclarını, narazılıqlarını bilir, amma eyni zamanda onu da gözəl anlayır ki, yalnız inzibati yollarla, cəza aparatını işə salmaqla vəziyyətdən çıxış yolunun tapılması mümkün olmayacaq. Bu çox doğru yanaşmadır, çünki cəza metoduna üstünlük verməklə biz geriyə - diktatura rejiminə doğru istiqamətlənmiş olarıq. Buna görə də struktur-funksional dəyişikliklərə, institutsional islahatlara üstünlük verilir. Bir sözlə, strateji baxımdan prezidentin yanaşması çox düzgündür. Sadəcə, dediyim kimi, islahatlar müasirliyə və perspektivə cavab verən kamil epistemiloji bazaya, müvafiq idarəetmə fəlsəfinə söykənməlidir.
- Cəmiyyətdə belə bir bədbin rəy dominantlıq təşkil edir ki, prezidentin ətrafı ona sədd çəkərək xalqla, cəmiyyətlə səmimi dialoq aparmasına mane olur, paxırlarının açılacağından hər vəchlə çəkinir, bu blokadanı daha da möhkəmləndirmək yolu tutur...
- Mən bu məsələdə, çoxlarından fərqli olaraq, nikbinəm. Bayaqkı fikrimə qayıdıram ki, prezident müasir dövrün çağırışlarına kifayət qədər cavab verə bilən bir dövlət xadimidir. Bir Şərq ölkəsində, belə bir mürəkkəb geosiyasi məkanda, dünyanın olduqca qarışıq vaxtında Azərbaycanı ayaq üstə saxlamaq, ziyanlı fluktuasiyalardan qorumaq, “fəlakət kanalı”x9dna düşməyə qoymamaq, əksinə, bir çox ciddi layihələri, müqavimətə və maneələrə baxmayaraq, uğurla həyata keçirmək hər dövlət başçısına nəsib olan iş deyil. Məhz ona görə dedim ki, prezident çox dəyərli resursdur. Hamı, ağlı başında olan hər kəs təfəkkür ətalətindən azad olaraq mütərəqqi istəklərində prezidentə dəstək olmalıdır ki, o, bütün resursunu millət və dövlət üçün ortaya qoysun.
- Cəmiyyət ciddi kadr islahatları gözləyir, amma dəyişikliklər həmişə kosmetik xarakter aldığından pessimizm davam edir.
- Razıyam, düz sözə nə deyəsən!? Qəti addımlara ehtiyac danılmazdır. İnsani-intellektual potensialdan daha səmərəli və düzgün istifadə etmək olar. “Sosial lift”x9dlər məsələsinə milli maraqlar müstəvisində, köklü surətdə yenidən baxılmalıdır. Bir də ki, gərək insanın özündə də bir məsuliyyət, etik davranış, istefa mədəniyyəti ola, müəyyən yaşa çatdıqda fikirləşə: artıq gənclərə, yeni nəslə estafeti vermək vaxtıdır. Bir müsahibəmdə belə nümunələr göstərmişdim.Vaxtilə görkıəmli ingilis riyaziyyatçısı, fizik və ilahiyyatçi İsaak Barrou 45 yaşında kafedrasını öz yanında işləyən şagirdi, 28 yaşlı İsaak Nyutona verir. O, deyir:“Belə dahi olduğu halda, bu yaşda mənim müdir olmağım düzgün deyil”x9d. Yaxud Nobel mükafatçısı, ingilis fiziki, kvant mexanikasının banilərindən olan Pol Dirak 60 yaşında vəzifəsindən imtina edir ki, gənclərə yol açmaq lazımdır. Düşünürəm ki, ingilislərin bir millət olaraq bütün sahələrdə uğurlar qazanmasında bu ənənə az rol oynamayıb. Əsl “əvəzolunmaz”x9d adam o şəxsiyyətdir ki, özünün əvəzlənməsini hamıdan tez anlayır və buna əməl edir! Bu məsələdə gərək dövlət də, cəmiyyət də həssas və tələbkar ola. Bayaq ictimai nəzarətdən danışdıq. Elə sizin kimi peşəkar media qurumlarının vaxtaşırı ictimailəşdirdiyi bir sıra mövzular da ictimai nəzarətin həyata keçməsinə xidmət edir.
- Bu günlərdə Türkiyədə keçirilən əməliyyatda İŞİD -ə qoşulmaq istəyən 38 nəfər saxlanılanda bəlli oldu ki, onların 14 nəfəri azərbaycanlıdır. Bu dəhşətli rəqəmlərdir. Sizcə azərbaycanlıları Suriyadakı cəhənnəmə çəkib aparan nədir?
- Mən həmin gənclərlə bağlı məsələləri dəfələrlə qaldırmışam. Bu məsələ əslində çox böyük diqqət tələb edir. Azərbaycanda gənclərlə bağlı real, sistemli ideoloji iş aparılmır. Mən neçə dəfə məsələ qaldırmışam ki, aidiyyatı qurumlar, müvafiq nazirliklər, AMEA-nın institutları, heç olmsa, respublikanın Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərində gənclərin meylləndiyi sahə, mental-mənəvi bağlılığı barədə düşünsünlər, əlaqəli əməli iş aparsınlar. Gənclərin vərdiş və zövqlərindən tutmuş ayrı-ayrı dəyərlərə münasibətləri öyrənilməli, onların sosiallaşmasının təfərrüatları və tipoloji xüsusiyyətləri araşdırılmalı, təkəmül dinamikasının nədən ibarət olduğu müəyyənləşməli və buna müvafiq tədbirlər görülməlidir. Təəsəvvür edin ki, hətta Bakı kimi çoxkonfessiyalı, polietnik şəhərdə belə, gənclərin “raskladka”x9dsını bilmirik. Yəni, bu, bir problem olaraq həllini tələb edir. Bu gün gənclərin bir qismi məhz təhsildə, elmdə, ideoloji-mənəvi sahədə yaranmış boşluqlar, xoşagəlməz durum ucbatından və məqsədli xarici həmlələrin təsiri hesabına mövhumata, cəhalətə yuvarlanırlar. Bəziləri radikal cərəyanlara cəlb edilir və özləri də bilmədən cəhənnəm oduna atılırlar. Təbii ki, mən islamı dəyərləri çox yüksək qiymətləndirirəm və fikirlərim əsla isalma qarşı çıxmaq kimi yozulmamalıdır. Amma mən cəmiyyətin və onun avanqardı olan gəncliyin inkişafını, ilk növbədə, elmə, rasional ağıla, biliyə, müsbət milli və bəşəri təcrübəyə sahiblənməkdə, məsuliyyət hissinin artırılmasında və zəhmətsevərlikdə görürəm. Bu, təkcə mənim qənaətim deyil, tarix özü həmişə bunu sübut edib. Sadəcə, gündə 5 dəfə namaz qılmaqla və imamlardan sitatlar gətirməklə Azərbaycanın xoşbəxt olacağını düşünmürəm. Hamılıqla zəhmətə qatlaşaraq fədakarlıq göstərsək, yeni bilik, mütərəqqi əməli nailiyyətlər ortsaya qoysaq, biz arzuladığımız xoşbəxtliyə nail ola bilərik.
































































































