Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Sadiq Məmmədovun qızının atası ilə bağlı çıxışı ürəkdağlayır.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Azyaşlı göz yaşları içərisində atasını istəyir.
Xatırladaq ki, Sadiq Mübariz oğlu Məmmədov 15 avqust 1991-ci ildə Siyəzən şəhərində anadan olub.
1998-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşüb. 2013-cü ildə ailə həyatı qurub. 2 qız övladı var. 2016-cı ildə hərbi silah anbarında mühafizəçi, 2012-ci ildə "SOCAR YDM"-da operator işləyib. 2018-ci ildə "Erko" şirkətində baş usta vəzifəsində çalışıb. 2020-ci ildə iyulun 18-də müddətdən artıq hərbi xidmətə gedib. 4 oktyabr 2020-ci ildə şəhid olub.
Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun və Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş zamanı düşmənin 4 mövqeyini, rabitə maşınını, rabitə qülləsini məhv edib.
Top komandiri vəzifəsini icra edib. Müharibə zamanı igidlik göstərərək xeyli sayda əsgərin həyatını xilas edib və düşmənin canlı qüvvəsini məhv edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" , “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidimiz Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.
Ürəkdağlayan görüntüləri təqdim edirik:
Alçina Amilqızı, Bizim.Media