Bakıda növbəti dəfə ağacların kəsilməsi faktı qeydə alınıb. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında kütləvi ağac “qətliam”ı gedir. Ərazidə parka gözəllik verən yaşıllıqlar kütləvi şəkildə məhv edilir.
Bununla bağlı Bizim.Media-ya oxucularımızdan biri videogörüntü təqdim edib.
Videogörüntüdən də belə məlum olur ki, bir vaxtlar meşə zolağına çevrilən parkda kütləvi şəkildə irigövdəli ağaclar kəsilərək ərazinin seyrəkləşməsi prosesi gedir.
Ehtimal olunur ki, yaşıllıqların məhv edilməsinə səbəb ərazidə yeni obyektin tikilməsi üçündür.
Qaraçuxur bələdiyyə sədri İxtiyar Nəcəfov Bizim.Media-ya açıqlamasında məsələdən xəbərsiz olduğunu deyib:
MÖVZU İLƏ BAĞLI:
Bakıda tikinti şirkəti 3600 manatlıq ağacları kəsdi
“Ərazidə kəsilən ağaclardan xəbərim yoxdur. Bu məsələ Mənzil Təsərrüfat Birliyinin səlahiyyətindədir”, - deyə o, bildirib.
Məsələ ilə Suraxanı rayonu icra hakimiyyətinə müraciət etdik.
Qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanoğlan Allahverdiyevin sözlərinə görə parkın ərazisindəki ağaclar quruduğu üçün kəsilir:
“Quruyan ağaclar kəsilməlidir. Narahatlığa əsas yoxdur, yerində yeni ağaclar əkiləcək. Orada heç bir obyektin tikilməsindən söhbət getmir”.
Xatırladaq ki, ağacların kəsilməsi və məhv edilməsi Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı ilə tənzimlənir. Həmin qərarda nəzərdə tutulur ki, ağacların kəsilməsi yalnız istisna hallarda, yəni yıxılmış, qopmuş və təhlükə törədən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyi əsasında yerində yeni ağac əkmək şərti ilə kəsilə və ya budana bilər. Digər hallarda ağacların kəsilməsi birmənalı şəkildə qadağandır.
Qeyd edək ki,Suraxanı rayonu 32-ci Polis Bölməsi və Qaraçuxur bələdiyyəsinin yaxınlığında yerləşən istirahət parkı 1982-ci ildə salınıb. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılıb. Ərazidə bir neçə iaşə obyekti və restoran fəaliyyət göstərir. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınıb.
Alçina Amilqızı, Bizim.Media