7 dəfə Həccə gedən AT – Qubalılar onun qəbrini necə ziyarət edir? – Aytəkin Alxaslının VİDEOREPORTAJI 

Hazırda oxunan: 7 dəfə Həccə gedən AT – Qubalılar onun qəbrini necə ziyarət edir? – Aytəkin Alxaslının VİDEOREPORTAJI 

69001

Qubanın dağlıq Talabı kəndindəki qədim məzarlıqda at basdırılıb. Söylənilənlərə görə, bu at nə az, nə çox düz 7 dəfə Həcc ziyarətinə gedib.

İnsanlarla birlikdə qəbristanlıqda dəfn olunan atın qəbri çoxları üçün müqəddəsləşib. Hələ də onun qəbrini ziyarət edən insanlar var. 

Həmin məzarlıqda atın qəbrinin indi də qaldığını biləndə dərhal yollandıq Qubanın rayon mərkəzindən 35 km aralıda yerləşən Talabı kəndinə. Kəndin 67 yaşlı sakini Xudayət Kərimovun bələdçiliyi ilə həmin qəbri tapdıq.
Müsahibim deyir ki, bu kəndin qədim qəbristanlığıdır, atın qəbri də burdadı, dəqiq tarixi bilinməsə də iki əsrə yaxındır ki, atın qəbri bu məzarlıqdadır. Xudayət Kərimov deyir ki, burada basdırılan at ulu babası - atası Hacının babası Hidayətin olub. 

"Bizə atam danışırdı ki, babası Hidayət dinli-imanlı, nüfuzlu şəxs olub. O, Həcc ziyarətinə - Məkkə-Mədinə şəhərlərinə öz atı ilə gedib gəlib. 3 dəfə gedib bu atla. Sonra atını dostlarına verib. Ulu babamızın atı ilə dostları da müqəddəs ziyarətgahda olublar. Sonuncu dəfə gedəndə at yolda ölüb. Bu heyvanın Həccə 7-ci səfəri olub".

Xudayət Kərimovun sözlərinə görə, "Atın cəsədini babama gətirəndə o car çəkib hamını atın yasına çağırıb. "Elə bilin oğlum ölüb, hüzrə gəlin" - deyib. Atın cəsədi bütöv yox, kəsilərək başı basdırılıb. 
Bundan sonra hacının 7 il Həcc yolunu getmiş atını insan məzarlığında basdırması ilə atın qəbri yerli əhalinin inanc və sitayiş yerinə çevrilib. Hətta camaat bu qəbrə o qədər inanaıb ki, bura şəfa ocağı kimi baxmağa başlayıblar. 

Talabı kəndinin qədim məzarlığında olarkən, diqqətimizi bir məqam da çəkdi. Bura iki əsr əvvəlin, bəlkə də daha irəli tarixin qəbristanlığıdır.

İslam dininin qaydalarına uyğun olaraq qədim məzarlıqların hamısı itib, torpağa qarışıb. Hətta, atın sahibi Hacı Hidayətin qəbrinin də yeri artıq bilinmir. Onun törəmələrindən heç kim Hacının qəbrinin hansı olduğunu bilmir.
İslam dininə uyğun olaraq, heç bir qəbrüstü abidə qoyulmayıb və bütün cəsədlər torpaqlaşıb. Amma, Hacı Hidayətin Allah yolunda 7 dəfə Həccə gedən atının məzarı tanınır. 

Aytəkin Alxaslı, Bizim.Media
 











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin