Rusiya ordusu aprelin 6-na keçən gecə Odessaya zərbə tipli pilotsuz uçuş aparatları ilə hücum edib.
Bizim.Media xəbər verir ki, Reuters-in məlumatına görə, hücum nəticəsində 3 nəfər ölüb, onlardan biri uşaqdır.
Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, zərbə yaşayış binalarına, mühüm infrastruktura və inzibati tikililərə ciddi ziyan vurub.
Ukrayna mənbələrinin məlumatına görə, ölənlər arasında 30 yaşlı qadın, onun 2 yaş yarımlıq qızı və 53 yaşlı başqa bir qadın var. İlkin məlumatda yaralıların sayı 10 göstərilsə də, sonradan bölgə rəhbərliyi xəsarət alanların sayının 15-ə çatdığını açıqlayıb. Yaralılar arasında hamilə qadın, 7 aylıq oğlan uşağı və 2 yaşlı qız da var.
Bildirilib ki, yaralılardan bir hissəsinin vəziyyəti ağırdır, uşaqların durumu isə orta-ağır qiymətləndirilir. Hücum nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb, axtarış-xilasetmə işləri davam etdirilib. Ukraynalı rəsmilər dağıntılar altında başqa insanların qala biləcəyini də istisna etməyiblər.
Bizim.Media


































































































