Amerikalı professor Artur Bruks bildirib ki, insanın telefonla münasibətini dəyişməsi üçün çox sadə, amma təsirli qaydalar kifayətdir. Onun sözlərinə görə, orta statistik amerikalı gün ərzində telefonunu təxminən 205 dəfə yoxlayır və bu, insanı həyatın əsas “niyə” sualından uzaqlaşdırır.
Bizim.Media xəbər verir ki, bu rəqəmi Bruks öz paylaşımlarında və çıxışlarında açıq şəkildə səsləndirib.
Bruks qeyd edib ki, çıxış yolu telefondan tam imtina etmək deyil. O bildirib ki, insan nə telefonunu okeana atmalı, nə də monastıra çəkilməlidir.
Onun fikrincə, sadə yeni vərdişlər formalaşdırmaqla bu cihazlarla münasibəti sağlamlaşdırmaq və daha keyfiyyətli həyat qurmaq mümkündür.
Professorun sözlərinə görə, hər şey günün necə başlamasından asılıdır. O tövsiyə edir ki, oyandıqdan sonrakı ilk bir saat telefonsuz keçirilsin, yatmazdan əvvəlki son bir saatda da qadcetlərdən istifadə olunmasın. Bundan əlavə, bütün yeməklərin də telefonsuz keçməsi məsləhət görülür. Bruks deyir ki, bu üç sadə qayda beynin iş prinsipini tədricən dəyişdirə və insanın gündəlik həyat keyfiyyətini yaxşılaşdıra bilər.
CBS News-un yayımladığı materialda da Bruksun eyni məzmundakı məsləhətləri yer alıb. Orada qeyd olunur ki, xüsusilə yatmazdan bir saat əvvəl telefonu kənara qoymaq və onu yataq otağından uzaq saxlamaq insanın daha sakit və balanslı olmasına kömək edə bilər.
Bizim.Media





























































































