“Oğul itkisi çox ağırdır. Oğlum Rəvan Əliyev Vətən müharibəsində şəhid olandan sonra biz hər an dövlətin qayğısı ilə əhatə olunmuşuq və bunu daim hiss edirik. Təbii ki, bütün bunlar oğlum Rəvana görədir. Onları yanımda görəndə elə bilirəm ki, Rəvan da yanımdadır”.
Bu sözləri Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində şəhid olmuş xüsusi təyinatlı əsgəri Rəvan Əliyevin anası Mehriban Əliyeva deyib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və yüksək hörmət hər zaman hiss olunur. Quba rayonunun Timiryazev qəsəbəsində yaşayan Mehriban Əliyeva bildirib ki, DSX-nin Vətən müharibəsində verdiyi 47 şəhidindən ikisi və bir təxribat nəticəsində şəhid olan hərbçi Quba rayonundandır – Şahin Allahyarov, Rəvan Əliyev və Fərid Alimov.
Şəhid anası qeyd edib ki, dövlətin diqqət və qayğısını bütün şəhid ailələri hiss edir:
“Elçin Quliyev özü bizim evdə olub. Elə bir bayram xatırlamıram ki, DSX-nin generalları və zabitləri bizə baş çəkməsin. 8 Mart, Novruz, Ramazan bayramlarında daim yanımızda olurlar. Elçin Quliyev dəfələrlə bildirib ki, hər zaman şəhid ailələrinin yanındadır.”
Mehriban Əliyeva bu günlərdə Novruz və Ramazan bayramları münasibətilə DSX-nin şimal bölgəsində yerləşən hərbi hissələrdən birində təşkil olunan bayram tədbirindən də məmnunluqla danışıb. Onun sözlərinə görə, tədbirə Qubada yaşayan digər iki şəhid ailəsinin üzvləri ilə birlikdə dəvət olunublar.
O bildirib ki, oğlunun şəhid olmasından sonra şən musiqilərə qulaq asa bilməsə də, tədbirdə Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin kollektivlərinin ifasında səslənən hərbi-vətənpərvərlik mahnılarını çox bəyənib:
“Biz orada böyük hörmətlə qarşılandıq. Dövlət və bayraq haqqında səslənən mahnılardan xüsusi zövq aldıq.”
Qeyd edək ki, Rəvan Əliyev DSX-nin Vətən müharibəsi zamanı Zəngilan istiqamətində gedən döyüşlərdə birgə şəhid olan 7 hərbçidən biri olub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































