SEPAH ABŞ və İsrail hədəflərinə qarşı həyata keçirilən hücumlarla bağlı yeni görüntülər yayıb.
Bizim.Media xəbər verir ki, kadrlarda İranın hərbi infrastrukturu daxilində yerləşən yeraltı dron tunelləri və pilotsuz uçuş aparatlarının buraxılış anları əks olunub.
Yayılan videoda onlarla pilotsuz uçuş aparatının xüsusi yeraltı bazalardan çıxaraq havaya qalxdığı və hücum əməliyyatlarına başladığı görünür. İran tərəfi bildirir ki, bu dronlar ABŞ hərbi bazalarına və İsrailin strateji obyektlərinə qarşı həyata keçirilən əməliyyatların bir hissəsi kimi istifadə olunub.
SEPAH-a yaxın mənbələrin məlumatına görə, sözügedən tunellər İranın müxtəlif bölgələrində yerləşir və yeraltı hərbi komplekslərin bir hissəsi kimi inşa olunub. Bu infrastrukturlar pilotsuz uçuş aparatlarının gizli şəkildə saxlanılması, texniki xidmətinin aparılması və qısa müddətdə kütləvi buraxılışının təmin edilməsi üçün nəzərdə tutulub.
İran rəsmiləri bildirirlər ki, belə tunellər və dron bazaları ölkənin asimmetrik hərbi strategiyasının mühüm elementi hesab olunur. Bu sistemlər sayəsində pilotsuz uçuş aparatları düşmən kəşfiyyatından gizlədilir və hücum əməliyyatları zamanı sürətli şəkildə istifadəyə verilir.
Müşahidəçilərin fikrincə, yayılan kadrlar İranın pilotsuz texnologiyalar sahəsində əldə etdiyi imkanları nümayiş etdirməklə yanaşı, həm də regionda gərginliyin artdığı bir vaxtda hərbi güc nümayişi məqsədi daşıyır. İran tərəfi isə bildirir ki, bu cür addımlar ölkənin müdafiə strategiyasının tərkib hissəsidir və potensial hücumlara qarşı cavab imkanlarını göstərmək məqsədi güdür.
Bizim.Media






























































































