Ölkəmizdə fəaliyyət göstərən psixoloqların seans qiymətləri şok effekti yaradır.
Bizim.Media xəbər verir ki, 1 seansın qiyməti 100-500 manat arasında dəyişir və dəqiqə artdıqca qiymət də artır.
Bəs bu qiymətlərə hansısa formada nəzarət mexanizmi varmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Baku TV-yə bildirilib ki, "Psixoloji yardım haqqında" Qanuna əsasən, psixoloji yardım psixoloq və ya klinik psixoloq tərəfindən göstərilə bilər:
"Tibb müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumlar tərəfindən həyata keçirilir. Özəl psixoloji mərkəzlərin psixoloji ixtisas üzrə fəaliyyəti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı"na daxil edilmədiyindən bu fəaliyyət növü lisenziyalaşdırılmış tibbi fəaliyyət hesab edilmir və Səhiyyə Nazirliyi tərəfindən birbaşa lisenziya nəzarətinə cəlb olunmur. Özəl sektorda göstərilən psixoloji xidmətlərin qiymətləri tərəflər arasında razılaşma əsasında müəyyən edilir. Dövlət tibb müəssisələrində göstərilən xidmətlərin tarifləri isə müvafiq normativ-hüquqi aktlarla tənzimlənir və dövlət tərəfindən müəyyən olunur".
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu sahədə ciddi reklam kampaniyaları aparılır:
"İnsanların tələbatının artması qiymət artımına səbəb olub. Təəssüflər olsun ki, psixoloqların göstərdiyi xidmətlər əhalinin cibinə uyğun deyil. Psixoloqlar müvafiq qurumlar tərəfindən lisenziyalaşdırılmalı və onlara qiymət məhdudiyyəti tətbiq edilməlidir".
Eyyub Hüseynov deyir ki, psixoloqların fəaliyyətlərinin keyfiyyəti də narahatedici səviyyədədir. Özlərinə peşə tapa bilməyib kurs oxuyaraq belə ciddi məsuliyyəti üzərinə götürənlər və insanlara zərər verən "psixoloq"lar kifayət qədərdir.
Daha ətraflı süjetdə:
Bizim.Media

































































































