Axşam saatlarında Xankəndidə HƏYAT - VİDEO

Hazırda oxunan: Axşam saatlarında Xankəndidə HƏYAT - VİDEO

598115

Gün batanda şəhərlər başqa cür görünür. İşıqlar yanır, küçələr canlanır, insanlar evə tələsir. Amma elə şəhərlər var ki, orada axşam düşməsi təkcə günün bitməsi deyil, həm də həyatın qayıdışının simvoludur. Bu gün sizi Qarabağın ürəyinə – Xankəndiyə aparırıq. Axşam saatlarında bu şəhərdə həyat necə davam edir? Küçələrdə hansı səslər eşidilir? İnsanlar nə düşünür, nə hiss edir? 

Bizim.Media xəbər verir ki, İctimai TV-nin “Xəbərimiz var” proqramında Xankəndidədən reportaj hazırlanıb.

Xankəndidə canlanma da elə axşam saatlarından başlayır...  Bu saatlarda burada olmaq, bu doğmalığı hiss eləmək tam başqa bir hissdir. 

Bu saatlarda işdən çıxanlar tələsmir, yavaş addımların  hər birində günün zəhməti, alnın təri, bir də sabahın ümidi var. Yol boyu verilən salamlar isə bir-birlərinə dayaq olmağın ifadəsidir....
 

Şəhərin mərkəzi bu saatlarda daha da canlanır. Bir az kənarda isə xankəndi sakinləri bir biri ilə xatirələrini bölüşür, beləcə keçmiş yavaşca bu günə qarışır. Qalan isə çox güman ki, xoş xatirələrdir... 


Hava tam qaralıb. Gənclərin səsi daha gur eşidilir... Universitet yataqxanasının pəncərələrindən süzülən işıq həyətə düşür. Kənddən, rayondan, şəhərdən gələnlər burada bir həyətin adamına çevrilib… 

Yavaş-yavaş vitrinlər sönür, qapılar bağlanır. İşini bitirib evə gedənlərlə yanaşı,  gecə növbəsinə başlayanlar, çörək bişirənlər var… 

Şəhər sakit görünə bilər. Amma bu sakitliyin içində hərəkətdə olan insanlar var. Onlardan biri də sükan arxasında gecəni-gündüzə qatan taksi sürücüləridir. Elə həmin sürücülərdən biri ilə söhbətləşirik. Bir ildir ki, bu küçələrdə yol gedir, insanları ünvanına çatdırır. 

Xankəndidə gəzəndə müxtəlif insanlarla danışdıq. Eyni sualı verdik, hərə fərqli cümlə qurdu amma eyni hissləri bölüşdü. İllər sonra bu şəhərdə həyat var...   

Kimisi illərlə həsrətində olub, kimisi təzəcə gəlib, amma hamısı eyni duyğunu paylaşır: buranı görmək, burada olmaq bir sevinc, bir qayıdış, bir bütövlükdür. Şəhər təkcə məkan deyil, doğmalıq, qürur və illərin gözləntisinin gerçəkləşdiyi yerdir.

Şəhəri bərpa eləyən təkcə onun binaları olmur. Şəhər o zaman bərpa olunur ki, orada hər axşam çörək alıb evinə tələsənlər var, səhər işə gedənlər var, universitetində təhsil alan tələbələri var, ən əsası gələcəkdən danışanlar var. Bugün Xankəndidə gördüyümüz ən vacib şey orada olan insan axını idi. Çünki şəhəri isidən təkcə onun daşı divarı, havası, suyu olmur.

Şəhəri isidən onun doğma insanlarının, əzəli sahiblərinin nəfəsi olur. Odur ki, Qarabağ həmişə bu cür işıqlı və isti qalacaq.

Daha ətraflı videomaterialda: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin