Verilişdəki bu suala cavab müzakirə yaratdı – VİDEO

Hazırda oxunan: Verilişdəki bu suala cavab müzakirə yaratdı – VİDEO

597851

İTV-də yayımlanan “Əlaçı” verilişində uşaqların “Təsirlik halda olan ağıl sözü neçə hecalıdır?” sualına verdikləri cavab müzakirələrə səbəb olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, iştirakçı Bayram Hacılının verdiyi “iki” cavabı səhv kimi dəyərləndirilib.

Bununla bağlı jurnalist Vəfa Şəhlayi feysbuk hesabında paylaşım edib:

“Əlaçı” verilişi həvəslə baxdığım layihələrdən biridir. Son buraxılışda mənə qaranlıq qalan suallar oldu. Ağıl sözü təsirlik halda neçə hecalıdır? - sualına iştirakçı 2 cavabını verdi, amma bunu səhv hesab etdilər. Nəticədə digər iştirakçı qalib oldu. Mən məktəbi 25 ilə yaxındır ki, bitirmişəm. Bizim vaxtımızda ağıl sözü təsirlik halda “ağlı” olurdu və ikihecalı idi. İndi dilin qaydaları dəyişib?”

Məsələ ilə bağlı filoloq Dürdanə Rəhimovadan açıqlama aldıq. Dilçi saytımıza bildirdi ki, sualın cavabı 3 hecalı olmalıdır:

“Bədən üzvləri ilə bağlı olan sözlər var ki, onlardan yalnız ağıl sözü ərəbmənşəlidir. Digər sözlər - alın, burun, ağız, beyin, boyun, çiyin, ovuc, böyür, qarın isə öz sözlərimizdir. Bu qəbildən olan sözlər siyahısına “qayın” sözü də daxildir. Hansı ki, bu sözlərdə ikinci saitin yazılmaması ancaq mənsubiyyət şəkilçisinin artırılması zamanı baş verir. Digər saitlə başlanan şəkilçilər artırdığımız zaman ikinci saitin düşümü baş vermir, yəni ikinci sait yerində qalır. 
 

Məsələn, ağıl sözünə mənsubiyyət şəkilçisi artırılsa idi, “ağlım”, “ağlı”, “ağlımız” olardı. Amma təsirlik halda isə “ağılı” olacaq.


Yuxarıda sadaladığım sözləri isə isim, cisim, nəsil, fəsil, fətir, qədir sözlərindən ayırırıq. Bu sözlərə isə istənilən saitlə başlanan şəkilçi artırdığımız zaman ikinci sait düşür”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin