Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində sakinlər üç gündür suyun kəsilməsindən şikayətçidirlər.
Bizim.Media xəbər verir ki, vətəndaşlar problemin içməli su xəttində baş verən qəzadan qaynaqlandığını söyləyiblər.
Onların sözlərinə görə, texnika əraziyə gəlsə də, işlər ləng gedir, təmir üç gündür yekunlaşmır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, təmir işlərinin bu günün sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur:
"Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza baş verib. Qəza qeydə alınan gündən əraziyə müvafiq rayon sukanal idarəsinin briqadası cəlb olunub.
Hazırda da xətdə təmir və bərpa işləri istismar qaydalarına uyğun olaraq davam etdirilir. Təmir işlərinin gün sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. İşlər bitdikdən sonra suyun ünvanlar üzrə mərhələli şəkildə verilməsi həyata keçiriləcək". (Oxu.az)
Bizim.Media





























































































