NATO-nun müdafiə bacarığını gücləndirmək məqsədi daşıyan “Steadfast Dart 2026” təlimində iştirak etmək üçün Almaniyaya yollanan Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri yerli sakinlərin diqqətini çəkib.
Bizim.Media xəbər verir ki, 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasının bölmələri Tekirdağ Çorluda keçirilən yolasalma mərasimindən sonra Almaniyaya gedib.
Təlim 3 həftə davam edəcək və NATO-nun 8 ölkəsindən təxminən 10 min hərbçi iştirak edəcək.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Almaniyada hərəkətdə olan türk hərbi konvoyunu görən bir sürücünün təəccübünü gizlədə bilmədiyi eşidilir:
“Burada sözün əsl mənasında türk hərbi konvoyu var. Almaniyada nə baş verir?” – deyə o bildirib.
Türkiyə təlimə 650 nəfər şəxsi heyət və 149 texnika ilə qatılır. Həmçinin yerli istehsal olan bir sıra müdafiə sistemləri nümayiş etdiriləcək.
Onların arasında KİRPİ komanda-nəzarət maşını, TOGAN və digər pilotsuz uçuş aparatları, müxtəlif zirehli texnikalar, SUNGUR portativ hava hücumundan müdafiə sistemi və digər silah-sursat nümunələri yer alır.

Bizim.Media

































































































