Yanvarın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Hədəfdə STEAM-8” beynəlxalq təlim-treninqinin açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdən öncə robototexnika, texnoloji layihələr və innovativ həllərin nümayiş olunduğu sərgiyə baxış keçirilib.
Açılışda Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru, Hədəf Liseylərinin icraçı direktoru Nizami Hüseynov bildirib ki, seminar-treninqin məqsədi beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun tətbiqi, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmaların müzakirəsidir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında vurğulayıb ki, sürətli texnoloji dəyişikliklər təhsildə yeni metodologiyaların tətbiqini zəruri edir. Onun sözlərinə görə, STEAM yanaşması yalnız fənlərin inteqrasiyası deyil, həm də analitik düşüncə, problem həll etmə və yaradıcılıq bacarıqlarının inkişafına xidmət edən müasir təhsil fəlsəfəsidir. Rektor qeyd edib ki, 2021-ci ildən fəaliyyət göstərən ADPU-nun STEAM Mərkəzi müəllim hazırlığında yeni məzmun yaradır və hazırda universitetdə 8 ixtisas üzrə STEAM əsaslı dərslər tədris olunur.
Açılış mərasimində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli, eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan təhsil nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən və qlobal təhsil çağırışlarından danışıblar. Nicat Məmmədlinin “Van Qoqun Günəbaxanları” mövzusundakı təqdimatı maraqla qarşılanıb.
Şəmil Sadiq bildirib ki, “Hədəfdə STEAM-8” layihəsinin əsas məqsədi STEAM əsaslı təhsilin qabaqcıl təcrübəsini Azərbaycanda paylaşmaq və XXI əsrin bacarıqlarına uyğun tətbiqini təşviq etməkdir. Onun sözlərinə görə, layihədə 100-dən çox yerli və xarici mütəxəssisin iştirakı platformanın əhəmiyyətini artırır.
Təlim-treninq çərçivəsində müxtəlif mövzularda məruzələr, praktiki dərslər və seminarlar təqdim olunub. Ümumilikdə Azərbaycan, rus və ingilis dillərində 36 təlim və 5 seminar keçirilib.
Müzakirələr STEAM metodunun tətbiqi, süni intellekt dövründə təhsilin çağırışları və innovativ yanaşmalar ətrafında aparılıb.
“Hədəfdə STEAM-8” təlim-treninqi yanvarın 27-də başa çatacaq. İştirakçılara sertifikatlar, plaketlər və xatirə hədiyyələri təqdim olunacaq.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media


































































































