Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxsin Suriya ilə sərhəddə quraşdırılmış Türkiyə bayrağını endirməsi ilə bağlı insident baş verib.
Bizim.Media xəbər verir ki, hadisə “Suriya Demokratik Qüvvələri”nin (SDF) nəzarətində olan ərazidə Suriya hökumətinin hərəkətlərinə qarşı keçirilən etiraz aksiyasından sonra baş verib.
Prokürd yönümlü DEM Partiyası tərəfindən təşkil olunan yürüşün iştirakçıları SDF-ni dəstəkləyən şüarlar səsləndirərək bayrağı endiriblər.
Bundan sonra qrup sərhədi keçməyə cəhd göstərib, lakin Türkiyə sərhədçilərinin xəbərdarlıq atəşləri ilə dayandırılıb. Aksiyanın iştirakçılarının bu hərəkətlərinə cavab olaraq DEM Partiyası insidentlə bağlı təəssüf hissi ifadə edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhaneddin Duran baş verənləri Türkiyənin daxili təhlükəsizliyinə və terrorla mübarizəsinə xələl gətirməyə yönəlmiş “açıq təxribat” kimi qiymətləndirib. O vurğulayıb ki, bu cür addımlar cavabsız qalmayacaq və müvafiq qurumlar artıq araşdırmalara başlayıblar.
Bizim.Media






























































































