Küçədə, avtobusda, vağzalda NAMAZ – Din nə deyir? - VİDEO

Hazırda oxunan: Küçədə, avtobusda, vağzalda NAMAZ – Din nə deyir? - VİDEO

590790

Sosial şəbəkələrdə yayılmış avtobusda namaz qılan oğlanın videosu cəmiyyətdə birmənalı qarşılanmayıb. Bir qisim insanlar bunu ibadətin vacibliyi kimi dəyərləndirir, digərləri isə ictimai məkanda namaz qılmağın uyğun olmadığını düşünür. Müzakirələr təkcə bu video ilə məhdudlaşmır, ümumilikdə küçədə, vağzalda, nəqliyyatda və digər ictimai yerlərdə namaz qılmağın nə dərəcədə doğru və məqbul olması sualını gündəmə gətirir.

İbadət fərdi iman, Tanrı ilə insan arasında rabitədir, onun ictimai məkanlarda, sıx gəliş-gediş yerində yerinə yetirilməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə cəmiyyətin rahatlığı ilə fərdi inanclar arasında balans necə qorunmalıdır?

İlahiyyatçı Fazil Əhməd Bizim.Media-ya açıqlamasında sualı belə cavablandırdı:

“İslamda icazə verilməyən məkanda namaz qılınması düzgün deyil. Bu, əsasən şəxsi məkanlara aiddir – başqasının evində, həyətində sahibinin icazəsi olmadan namaz qılmaq olmaz. Hətta dinimizdə Vəqf anlayışı var, məsələn bir mədrəsənin, məkanın su kranından icazəsiz istifadə etmək düzgün deyil. Yəni buranın suyu, ləvazimatları oranın əhalisi üçün nəzərdə tutulub.

Yaxud məsciddə qoyulan möhürlə də namaz qılmaq üçün icazə tələb olunur. Amma şəxsi olmayan ictimai yerlərdə, məsələn parklarda bir kənara, yaxud sıx ağaclığa çəkilib namazını qılmaq olar. Avtobus, vağzal, keçid kimi insanların ictimai şəkildə istifadə etdiyi, gediş-gəlişin sıx olduğu yerlərdə namaz qılmaq düzgün sayılmır”.

İlahiyyatçı diqqətə çatdırdı ki, namazın vaxtını keçirmək istəməyən dindar şəxs ümumi məkanlarrn sakit bir güşəsinə çəkilsə də, tək olmalıdır. Belə yerlərdə cəm halda namaz qılmaq olmaz.

“İndi hətta Avropa ölkələrində fəaliyyət göstərən ofislərdə də müsəlman işçilər üçün namaz otağı ayrılır. Böyük Britaniya, Almaniya aeroportlarında, stansiyalarında namaz otaqları mövcuddur. Bizdə də müsəlman ölkəsi olaraq qapalı məkanlarda namaz otaqları var. Nəzərə alsaq ki, şərq ölkələrindən xeyli sayda turist gəlir, yaxşı olardı ki, bulvar və digər məscidlərdən uzaq olan yerlərdə kiçik namaz otaqları yaradılsın ki, inanclılar ictimai yerlərdə başqalarının rahatlığını pozmasınlar. Aidiyyatı qurumlar bu məsələni nəzərə alsalar yaxşı olar”.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin