Dünən ABŞ senatoru Lindsi Qraham Tehran hakimiyyətinin öz xalqına qarşı tətbiq etdiyi siyasəti sərt şəkildə pisləyib.
Bizim.Media xəbər verir ki, senator “Fox News” telekanalına müsahibəsində bu barədə danışıb.
Qraham bildirib ki, İranda yeniyetmə qızlar sadəcə saçlarını hakimiyyətin tələb etdiyi qaydada örtmədiklərinə görə avtobuslardan sürüklənə, hətta həyatlarını itirə bilərlər.
Senator bu cür halları qəddar repressiya və insan haqlarının açıq şəkildə pozulması kimi qiymətləndirib.
ABŞ senatoru əlavə edib ki, İran cəmiyyətində artıq Ayətullah rejiminə qarşı ciddi narazılıq mövcuddur və xalq mövcud rəhbərliyin hakimiyyətdə qalmasını istəmir. Qraham bildirib ki, o, iranlıların ayətullahın liderlikdən uzaqlaşdırılması istiqamətində göstərdikləri səyləri dəstəkləyir.
Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib.
Hazırki nümayişlər İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.
Bundan əlavə, hökumət qüvvələri etirazçılara qarşı odlu silahlardan istifadə edib. Nəticədə yüzlərlə nümayişçinin öldürüldüyü bildirilir.
Bizim.Media




































































































