2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, burada 8 müxtəlif dövlətdən təmsilçilər olsa da, hər kəsi türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir.
Qərara alınıb ki, birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə oluna bilər.
Beləliklə, ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasını təsis edib.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasına ilk rəhbərlik Azərbaycana həvalə edilib. Baş katib hər dəfə Türk Dövlətləri Təşkilatına hansı ölkənin sədrlik etməsindən asılı olaraq dəyişəcək, həmin ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçisi olacaq, lakin Platformanın daimi qərargahı Bakı şəhərində yerləşəcək.
Bu, son vaxtlar Azərbaycan QHT-lərinin böyük inkişaf yolu keçərək, təşəbbüslərinin qlobal məkanda geniş dəstək qazanmasının növbəti təzahürü olmaqla, tarixi uğurdur.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının elan edilməsi bütün üzv ölkələrin təmsilçiləri tərəfindən alqışlarla qarşılanıb.
Bizim.Media





























































































