ABŞ prezidenti Donald Tramp jurnalistlərlə müsahibəyə əlində bir vərəq – çap olunmuş sənəd gətirib. Həmin sənəddə yazılıb ki, o, 8 ay ərzində 8 müharibəyə son qoyub.
Bizim.Media xəbər verir ki, Tramp bu sənədi jurnalistlərə göstərərək bildirib ki, onun hakimiyyəti dövründə ABŞ tarixində misli görünməmiş dərəcədə sülh dövrü yaşanıb.
“Mən hakimiyyətə gələndə dünya qarışıqlıq içində idi. Amma biz çox qısa müddətdə bir çox bölgədə hərbi əməliyyatları dayandırdıq. Əfqanıstandan tutmuş Suriyaya qədər, hər yerdə atəşkəs və sabitlik dövrü başladı”, deyə o, özünü tərifləyib.
Ağ Evin sahibi müsahibə zamanı bildirib ki, onun prezidentliyi dövründə ABŞ yeni bir müharibəyə girməyən yeganə prezidentlik dövrü olub.
Trampın sözlərinə görə, bu, “sərt, amma ədalətli” diplomatiya sayəsində mümkün olub:
“Biz sülhü güclə qoruyurduq. Hamı bilirdi ki, əgər kiminsə ağlına ABŞ-a qarşı çıxmaq gələrsə, bunun cavabı çox sərt olacaq. Ona görə də heç kim risk etmirdi.”
Tramp həmçinin iddia edib ki, onun dövründə ABŞ ordusu “tarixinin ən güclü ordusu səviyyəsi”nə çatıb və məhz bu faktor dünyanın bir çox bölgəsində sabitliyin qorunmasına səbəb olub. O, Bayden administrasiyasını isə bu siyasəti dağıtmaqda ittiham edib və bildirib ki, “həmin hakimiyyət dövründə sülh deyil, xaos geri qayıdıb”.
Bizim.Media




























































































