Ucar rayonunda II Qarabağ müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) əfsanəvi taborunun kiçik giziri Kərim Məhəmmədəli oğlu Əliyevin anım mərasimi keçirilib.
Bizim.Media-nın Aran bürosunun məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
İştirakçılar əvvəlcə şəhidin rayonun Alpout kəndindəki məzarını ziyarət edib, önünə tər qərənfillər düzüblər. Daha sonra çıxış edənlər əfsanəvi taborun şəhidi Kərim Əliyevin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və igidlik nümunələrindən danışıblar.
Qeyd olunub ki, Kərim Əliyev kimi igid, cəsur Azərbaycan oğullarının şücaəti və fədakarlığı nəticəsində 30 ildən artıq işğal altında olan torpaqlarımız azad olunub və Azərbaycan bütövlüyünə qovuşub. “Biz bu günkü azadlığımıza görə həmişə şəhidlərimizə və qazilərimizə borcluyuq”, – deyə vurğulanıb.
Şəhidin atası Məhəmmədəli Əliyev tədbirin təşkilinə görə iştirakçılara minnətdarlığını bildirib. O, şəhidlərin xatirəsinin əziz tutulmasının və adlarının əbədiləşdirilməsinin gənc nəsildə vətənpərvərlik hissini daha da gücləndirdiyini qeyd edib.
Şəhid Kərim Əliyev haqqında
Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2004–2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb. 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub.
O, 2020-ci il oktyabrın 19-da Qubadlı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamları ilə Kərim Əliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və İgidliyə görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!
Bizim.Media, Aran bürosu



























































































