Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumatlar əsasında, gömrük əməkdaşları iki fakt üzrə ümumi çəkisi 622 kiloqram 075 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.
Bizim.Media xəbər verir ki, əməliyyat məlumatına əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İran vətəndaşı Farangız Rahmanı Alkamı tərəfindən göndərilən, Azərbaycan ərazisindən tranzit keçməklə Moldovaya kişmiş yükü aparan “Renault” markalı yük avtomobili saxlanılıb.
Yük avtomobilinin ətraflı yoxlanılması zamanı yanacaq çəninin kustar üsulla metal lövhə ilə iki hissəyə bölündüyü məlum olub.
Baxış zamanı iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində qablaşdırılması ilə birlikdə çəkisi 301 kiloqram 475 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Digər əməliyyat məlumatına əsasən isə Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda saxlanılıb.
Azərbaycandan tranzit keçməklə Moldovaya qabıqlı püstə və xurma yükü aparan həmin avtomobil rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə edilib.
Baxış zamanı bu avtomobilin yanacaq çəninin də metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bizim.Media