Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Ordusunun şəhid baş leytenantı Telman Ələkbərovun xatirəsinə həsr olunan anım mərasimində şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhid baş leytenant Telman Ələkbərovun ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və qüdrətli sərkərdəliyindən, dövlət-xalq-ordu birliyinin gücündən, şəhid baş leytenant Telman Ələkbərovun şərəfli döyüş yolundan danışıblar.
Sonda şəhidin anası Səmayə Ələkbərova ölkəmizdə şəhidlərin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Bizim.Media