Ceyhun Bayramovdan nazirlər toplantısında Zəngəzur dəhlizi ilə bağlı vacib AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Ceyhun Bayramovdan nazirlər toplantısında Zəngəzur dəhlizi ilə bağlı vacib AÇIQLAMA - VİDEO

38471

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun ((Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında iştirak edib. 

Bizim.Media xəbər verir ki, iclasda sözügedən qrupun üzv ölkələrinin xarici işlər nazirləri və digər səlahiyyətli nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 36 rəsmi şəxs iştirak edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov daha 3 ölkədən olan həmkarları ilə GÖRÜŞDÜ 


Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb.  

Bu xüsusda, ölkəmizin təşəbbüskarı olduğu və təşviq etdiyi irimiqyaslı nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Bakı beynəlxalq dəniz ticarət limanının, habelə Xəzər ticarət donanmasının imkanları barədə iştirakçılara məlumat verən nazir ölkəmizin beynəlxalq logistika və tranzit qovşağına çevrilməsi üçün zəruri infrastrukturun yaradılmasında davamlı səylər göstərdiyini bəyan edib. 

Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb. 

Qeyd edək ki, 32 ölkəni özündə birləşdirən LLDC qrupu açıq dənizə birbaşa çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin