Rusiyanın Krasnodar diyarının Labinsk rayonunda dünən axşamdan başlayan dolu və şiddətli küləklə müşayiət olunan güclü yağış Çamlıqskaya kəndinə yağıb və Labinsk-Armavir magistral yolunun ərazisindən keçib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “rg.ru” saytında yer alıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə idarəsindən verilən məlumata görə, təbii fəlakət nəticəsində tələfat olmayıb, ev təsərrüfatlarına və sosial əhəmiyyətli obyektlərə ziyan dəyməyib, vətəndaşlardan heç bir şikayət daxil olmayıb.
Xilasedicilərin dediyinə görə, yağan dolunun ölçüsü təxminən səkkiz millimetr olub. Yerli kənd məktəbinin həyətində ağacların küləkdən yıxıldığı da açıqlanıb.
Yerli sakinlər dolu yağışının videosunu çəkərək sosial mediada yerləşdiriblər. Videoda dolunun avtomobil yolunu necə bağladığı, buz sürüşmələri yarandığı və küləyin ağac budaqlarını necə qırdığı göstərilir.
Şahidlərin sözlərinə görə, fırtına yol kənarındakı reklam lövhələrini söküb və bir neçə yol nişanını da sındırıb:
“Göydən o qədər buz parçaları düşdü ki, sanki qar yağaraq yolları örtdü”.
Çamlıqskaya qəsəbəsi rəhbərliyinin dediyinə görə, pis hava yalnız qəsəbənin kənarı boyunca keçsə də, yaxınlıqdakı əkin sahələri zədələnib.
Bizim.Media