“Rusiya ilə bağlı bütün mümkün sanksiya variantları nəzərdən keçirilir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Fox News”a müsahibəsində ABŞ-ın maliyyə naziri Skot Bessent bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ankoricdə keçirilən görüşdə, eləcə də avqustun 18-də baş tutan telefon danışığında verdiyi vədlərin əksinə addım atıb.
“Üstəlik o, iyrənc şəkildə Ukraynaya qarşı bombardman kampaniyasını daha da gücləndirib”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ukrayna və Avropa liderləri ilə görüşdən sonra Putin-Zelenski görüşünün baş tutacağını elan etmişdi:
“Mən prezident Putinlə prezident Zelenski arasında yeri hələ müəyyən edilməyən görüşün hazırlığına başlamışam. Bu görüşdən sonra biz üçtərəfli görüş keçirəcəyik, bu görüşdə iki dövlət başçısı və mən də iştirak edəcəyik”, - deyə ABŞ lideri bildirmişdi.
Bizim.Media