Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq silah-sursat saxlayan, paytaxt sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədzadəni Suraxanı rayonu ərazisində saxlayıblar.
Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış zamanı 1 ədəd “Beretta” markalı tapança, 1 ədəd həmin silaha aid sandıqca və 4 ədəd patron aşkar olunub.
Digər bir əməliyyat nəticəsində isə qanunsuz olaraq üzərlərində və yaşadıqları evlərdə odlu silah-sursat saxlayan Rəşid Behbudov, Şöhrət Zeynalov, Həsən Qeybəliyev və əvvəllər Cinayət Məcəlləsinin 120.1 və 221.1 ci maddələri ilə məhkum olunmuş Fuad Məmmədov saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdə polis əməliyyat keçirdi - Silahlı şəxslər saxlanıldı - FOTO
Baş İdarə əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı isə Xızı rayonu, Giləzi qəsəbə sakini əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Azər Rəhimov saxlanılıb.
Onun Giləzi qəsəbəsində yaşadığı evin həyətindən aqrotexniki qaydada əkib-becərdiyi ümumi çəkisi 448 kiloqram olan 301 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Ülvi Məmmədov saxlanılıb.
Onun üzərindən və yaşadığı evdən satış üçün nəzərdə tutularaq qablaşdırılan 157 büküm narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.
Bizim.Media