Sankt-Peterburqda Novatorov bulvarında minik avtomobilinin sürücüsü yolun ortasında namaz qılmağa başlayaraq nəqliyyatın hərəkətini ləngitib.
Bizim.Media xəbər verir ki, bu barədə “Megapolis” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, çəkiliş 14 mart cümə günü saat 15:35 radələrində aparılıb. Novatorov bulvarından “Prospekt Veteranov” metrostansiyası yaxınlığındakı Daçnı prospektinə dönmək istəyənlər namaz qılan sürücünün və onun saxladığı “Hyundai Sonata”nın yanından keçməli olublar.
Qeyd olunur ki, dayanmağın qadağan edildiyi və sıxlıq olan yolda sürücünün namaz qılması tıxacı daha da artırıb.
Xatırladaq ki, daha əvvəl Vladivostokda avtobus sürücüsü marşrutu saxlayaraq, yolun ortasında namaz qılmışdı. Həmin sürücü 500 rubl cərimə olunmuşdu.
Bizim.Media