Xəbər verildiyi kimi Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olanlar arasında Zaqatala və Balakən sakinləri də olub. Balakən rayonundan ümumilikdə 15 sərnişin olub ki, onlardan 9-u həlak olub. Dünən mərhum sərnişinlərdən biri, bu gün isə daha 8-nin cənazəsi doğulduqları torpağa aparılıb. Cənazə namazı qılındıqdan sonra onlar son mənzilə yola salınıblar.
Zaqatala rayonundan isə təyyarədə 10 nəfər olub ki, onlardan 5-i sağdır, digər 5-nin isə nəşi bu gün doğulduqları torpağa gətirilib. Hazırda onların da dəfn mərasimləri keçirilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu