Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Gəncə şəhər sakini də var.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Toğrul Cəfərov qəzaya uğrayan şərnisinlər arasında olub.
MÖVZU İLƏ BAĞLI:
Qəza yerindən daha bir VİDEO
Toğrulun atası Mahir Cəfərov övladının son durumu ilə bağlı Bizim.Media-ya açıqlama verib. O bildirib ki, oğlu istirahət məqsədi ilə Bakıdan Çeçenistanın paytaxtı Qroznıya, oradan isə Rusiyanın Santk Peterburq şəhərinə səfər planlaşdırıbmış.
Mahir Cəfərov xəbəri eşitdikdən sonra sonra bir müddət oğlundan xəbər ala bilməyib. Sonradan onunla telefonla danışıb:
“Təxminən səhər saat 11:30 radələrində mənə xəbər etdilər ki, təyyarə qəzaya uğrayıb. Mən bilirdim oğlum o təyyarənin içərisindədir. Qəzadan təxminən bir saat sonra oğlumla əlaqə yaratdım. Onu xəstəxanaya aparırdılar. Şükürlər olsun ki, yüngül xəsarətlər alıb, hazırda Aktauda xəstəxanadadır. Gün ərzində 4-5 dəfə danışmısam".
Məlumat üçün bildirək ki, Toğrul Cəfərov Gəncə Birləşmiş Xəstəxanasının Dəstək Xidmətləri Şöbəsinin əməkdaşıdır.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu