Xırdalandakı qalmaqallı məktəbdə şagirdlər niyə 4-4 OTURDULUR? – Rəsmi AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Xırdalandakı qalmaqallı məktəbdə şagirdlər niyə 4-4 OTURDULUR? – Rəsmi AÇIQLAMA – VİDEO

225124

Bir neçə gündür ki, sosial şəbəkələrdə Xırdalan şəhəri 2 saylı orta məktəbin şagirdlərinin oxuduqları təhsil ocağı ilə bağlı narazılıqlarını əks etdirən video paylaşılır. Videoda şagirdlər iddia edirlər ki, təhsil aldıqları məktəb şəraitsizdir.

Onların dediyinə görə, sinifdə parta çatışmazlığından üç-üç, dörd-dörd otururlar: 

"Sinifdə 26 nəfərik, amma bir partada 3-3, bəzən də 4-4 otururuq. Otaqlarda işıq yanmır, qaranlıq olur, kitablar cırıqdır, hər şey pis vəziyyətdədir. Belə məktəb olmaz olsun".

Şagirdlər deyir ki, məktəbin daha bir problemi sanitar qovşaqlarının işləməməsidir. Onlar hətta orada şagirdlərdən birinin yıxılaraq başını zədələdiyini də iddia edirlər:

“Keçən il bir uşaq yıxıldı, başı partladı. Tualetlər işləmir”.

Videoda valideynlərdən biri bildirir ki, "Məktəbdə keyfiyyətli dərs deyən müəllim yoxdur. Onlar dərslərə yetərli diqqət ayırmırlar. Məktəbdə fond pulu yığılır, amma problemlər həll edilmir".

İddialara görə, hətta məktəbin Leyla adlı müəlliməsi bu problemləri səsləndirdiyi üçün işdən çıxarılıb.

Videoda səsləndirilən narazılıqlarla bağlı Bizim.Media sözügedən məktəblə əlaqə saxlayıb.

Məktəb rəhbərliyi bu mövzuda danışmaqdan imtina edərək Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etməyi məsələhət görüb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmisi Səbinə Məmmədova Bizim.Media-nın sualını belə cavablayıb:  

“Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla təmin edilməsi, yeni binaların tikilməsi və mövcud binaların təmir olunması əsas prioritetlərimizdəndir. Belə ki, son bir il ərzində idarənin tabeliyində olan 20-dən çox məktəbdə cari, 7 məktəbdə isə əsaslı təmir işləri aparılıb, 1 yeni məktəb tikilərək istifadəyə verilib. Xırdalan şəhər 2 nömrəli məktəbin binasının mövcud vəziyyəti barədə məlumatlıyıq. Bildiririk ki, təhsil müəssisəsinə baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib.

Maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə məktəbin növbəti il əsaslı təmir edilməsi nəzərdə tutulur. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Qurum rəsmisi şagird sıxlığı ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib. O, deyib ki, əhalinin çox sıx məşkunlaşdığı Xırdalan şəhərində yerləşən məktəblərdə tədrisin keyfiyyətli və fasiləsiz təşkili daim nəzarətdə saxlanılır:
 

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları” təsdiq edilib. Həmin normalara əsasən, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Bildiririk ki, şagird sıxlığı məsələsinə nəzarət edilir və normalara uyğun siniflər komplektləşdirilir.


Sosial şəbəkələrdə yayılan görüntülərdə səsləndirilən digər iddialarla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırmalar aparılır”.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin