Laçın və İrpen şəhərləri Azərbaycan-Ukrayna dostluğunun simvoluna çevrilib. Ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri gündən-günə daha da möhkəmlənir. Bir neçə gün bundan öncə Ukrayna nümayəndə heyətinin Laçına səfəri zamanı iki şəhərin qardaşlaşması haqqında memorandum imzalandı. Beləliklə, Laçın və İrpen şəhərləri arasında qardaşlıq münasibətlərində yeni səhifə açılmış oldu.
Bizim.Media xəbər verir ki, İrpen şəhər meri Oleksandr Markuşin AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycana işgüzar səfəri uğurla başa çatıb:
“Biz Laçınla müqavilə imzaladıq, qardaş şəhər olduq, mədəniyyət, təhsil, incəsənət və idman sahələrində əməkdaşlığımızın perspektivlərini müzakirə etdik. Bu həftə onlayn formatda iş görüşləri keçirmək barədə razılığa gəldik. Laçınla İrpen arasında ortaq cəhətlərimiz çoxdur. Çünki müharibə nəticəsində İrpen şəhərinə də çox böyük ziyan dəyib və bu gün biz onu bərpa edirik. Laçının da necə bərpa olunduğunu öz gözlərimlə görürdüm”.
“Artıq qəhrəman İrpen şəhərinin qardaş, dost şəhəri var. İrpen şəhərində Laçın şəhəri ilə dostluğumuzu, qardaşlığımızı simvolizə edən xatirə lövhəsi qoyulacaq”, - deyə İrpen şəhər meri əlavə edib.
Rusiya-Ukrayna müharibəsində ən çox ziyan görən şəhərlərdən biri İrpendir. Markuşin vurğulayıb ki, İrpendə Mərkəzi Mədəniyyət Evinin, Uşaq-Gənclər İdman Məktəbinin, İncəsənət Mərkəzinin və Qostomel şosesində yaşayış binasının bərpasında iştirak etmək üçün Azərbaycanla danışıqlar aparılır.
“Dostumuz Azərbaycan qəhrəman şəhərimiz İrpendə bu obyektləri bərpa etməyə hazır olduğunu təsdiqləyib.
Bundan başqa, Vətənimizin müdafiəsində həlak olan qəhrəmanlarımızın daha 30 övladının reabilitasiyası üçün Bakıya gedəcəyinə dair artıq razılıq var”, - deyə o bildirib.
Bizim.Media