Bizim.Media-nın əməkdaşının qızı 650 balla hüquqşünaslıq ixtisasına QƏBUL OLDU – VİDEO

Hazırda oxunan: Bizim.Media-nın əməkdaşının qızı 650 balla hüquqşünaslıq ixtisasına QƏBUL OLDU – VİDEO

207988

“Hələ məktəbə ilk addımlarını atanda ibtidai sinif müəlliməsi hansı peşə sahibi olmaq istəyirsən sualına 7 yaşlı qızım Lamiyə “hakim” olmaq arzusundayam demişdi. Müəllimə isə təəccüblə həkim yoxsa hakim? soruşanda balaca Lamiyə təkidlə hakim demişdi. 1-ci sinifdə şagirdlər arasında öz seçəcəkləri peşələrlə bağlı balaca bir videorolik hazırlayanda da qızım məndən hakim paltarı, bu peşəyə aid aksesuarları tapmağımı xahiş etmişdim. 

Bu günə kimi xatırlayıram. O zaman Gəncə Məhkəməsindən “Ədalət İlahəsi”ni də tapıb gətirmişdim. İlk dəfə hakim rolunu Lamiyə Rəhimli çox uğurla oynadı və bu da onu 11 il tədrisin daşlı-kəsəkli yollarından usanmadan, çəkinmədən, yorulmadan addımlamasına kömək oldu”. 

Söhbət Bizim.Media-nın Qərb Bürosunun əməkdaşı, jurnalist Məqsəd Rəhimovun qızı Lamiyə Rəhimlidən gedir. 

Dünən ali məktəblərə ixtisas seçiminin nəticələrinin açıqlanmasını Rəhimovlar ailəsi də səbirsizliklə gözləyirdi. Orta ümumtəhsil məktəbini fərqlənmə diplomu ilə bitirən, həm buraxılış, həm də qəbul imtahanlarının birgə cəminə görə 650 bal toplayan qəhrəmanımız var gücü ilə çalışıb, oxuyub hüquqşunas olmaq, ədalət təmsilçisi kimi haqqı qorumaq istəyirdi. 

Lamiyə deyir ki, bu yolda bütün ailəsi onu dəstəkləyib, hər zaman ona arxa-dayaq olublar:

“Hələ uşaqlıqdan ədalət qoruyucusu olmaq istəyirdim. Düzünü desəm, bu çətin yolda bəzən yorulduğum, bezdiyim, bəzən də geri çəkilmək fikrinə düşdüyüm anlarım olub. Elə olurdu ki, gün ərzində 3-4 saat yuxu yatırdım. Amma hər çətin anımda atam arxa-dayaq oldu mənə. Onun mənəvi dəstəyi hər gün daha çox oxumağa, daha çox öyrənməyə kömək oldu. Bu gün qazandığım bütün uğurlara görə ailəmə, mənə əziyyət çəkən müəlimlərimə minnətdaram”.

Lamiyə Bakı Dövlət Universitetinin tələbəsi olduğuna görə çox qürur duyduğunu bildirir:

“Bakı Dövlət Universiteti Azərbaycanın ən köklü ali təhsil ocaqlarındandır. Bacım da bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Mən də çalışacağam ki, BDU-nun professor və müəllim kollektivinin etimadını doğruldum. Arzum savadlı və qabiliyyətli, bacarıqlı bir hüquqşunas kimi yetişməkdir. Bu yolda gələcək müəllimlərimin və universitetimizin rəhbərliyinin məni dəstəkləyəcəyinə inanıram. Xeyirxah olmaq çətin deyil, çətini ədalətli olmaqdır” deyə gələcəyin hüquq qoruyucusu əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin