Məcburi köçkünlərin Qarabağa qayıdışı – ADA sorğunu davam etdirir - VİDEO

Hazırda oxunan: Məcburi köçkünlərin Qarabağa qayıdışı – ADA sorğunu davam etdirir - VİDEO

18558

ADA Universiteti işğaldan azad olunmuş ərazilərə qayıdışın səmərəli təşkili ilə bağlı keçirilən tədqiqat çərçivəsində bir neçə mərhələdə sorğular keçirir. Sorğunun əsas məqsədi onların qayıtmaqla bağlı istək, niyyət və gözləntilərini öyrənməkdir.

Məsələ ilə bağlı ADA Universitetitin kommunikasiya üzrə mütəxəssisi, “Tədqiqat Qrupu”nun üzvü Şəbnəm Məhərrəmova Bizim.Media-ya bildirib ki, sorğular “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işi çərçivəsində aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Məcburi köçkünlər arasında böyük qayıdış - Sorğunun yeni mərhələsi başladı - FOTO


“Tədqiqat çərçivəsində keçirilməsi nəzərdə tutulan Sorğuların ilki onlayn Sorğudur. Fevralın 22-dən etibarən başlayan onlayn Sorğu hələ də aktivdir."

"Sorğuda məcburi köçkünlərin qayıtdıqdan sonra hansı ərazidə yaşamaq, hansı sahədə fəaliyyət göstərmək istəklərini müəyyənləşdirən suallar mövcuddur. Onlayn Sorğuda iştirak etmək üçün məcburi köçkünlər sorgu.ada.edu.az ünvanına daxil ola, verilən anketi doldura bilərlər. Onlayn Sorğunu dolduranların sayı hazırda 60.000-dən çoxdur”.

Universitetin nümayəndəsi keçirilən sorğunun digər mərhələsindən də danışıb:

“Eyni tədqiqat çərçivəsində əyani Sorğu da həyata keçirilib. Sorğu, Bakı və regionlarda məskunlaşan, təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1135 məcburi köçkün ailəsini əhatə edib.

Əyani Sorğunun aparılması ilə bağlı ADA Universitetində əvvəlcədən təlim keçmiş sorğuçularımız məcburi köçkünlərlə üzbəüz müsahibələr həyata keçirib. Əyani Sorğunun I mərhələsi mart ayının 9-25 aralığında keçirilib. Hazırda sorğu zamanı əldə etdiyimiz məlumatların emalı mərhələsindəyik”. 

“Qarabağa qayıdışla” bağlı sahibkarlar arasında keçiriləcək sorğudan da danışan Şəbnəm Məhərrəmova vurğulayıb ki, işğaldan azad olunan ərazilərin bərpa və inkişafında sahibkarların da mühüm rolu var.
 

“Sahibkarlar arasında keçiriləcək sorğunun hazırlıq mərhələsi tamamlanıb. Bu Sorğu vasitəsilə onların Qarabağda biznes mühitinin inkişafına hansı formada dəstək göstərə biləcəkləri araşdırılacaq”.


Sonda məcburi köçkünləri onlayn Sorğuda fəal iştirak etməyə səsləyən ADA Universitetinin mütəxəssisi qeyd edib ki, Sorğu iştirakçılarının şəxsi məlumatlarının konfidensial saxlanılacağına və bu məlumatların yalnız tədqiqat məqsədilə istifadə olunacağına zəmanət verilir”.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin