Paytaxtın Nərimanov rayonunda bir neçə internet provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcılarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadə saxlanılıblar.
Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub.
Araşdırmalarla bu şəxslərin Bakı şəhəri ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb. Onların törətdiyi oğurluq əməlləri ərazidə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə də qeydə alınıb.
"Ü.Qurbanov və T.Məmmədzadənin Bakı şəhərində digər analoji cinayətlərdə iştiraklarının olub-olmamalarının müəyyən edilməsi istiqamətində 16-cı Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
Bizim.Media