Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı Kamil Nəsibov 100-dən çox insanı xilas edib.
Bizim.Media xəbər verir ki, K.Nəsibov bu barədə “Shot” teleqram kanalına danışıb.
Məlumata görə, ofisiant işləyən Kamil Nəsibov zərərçəkmişləri təcili yardım maşınlarına aparıb, 80-ə yaxın insanı çıxışa aparıb və bir qızın diri-diri yanğından çıxmağına kömək edib.
K.Nəsibov faciə günü dostu ilə birlikdə “Crocus”da yarımştat ofisiant işləyirmiş:
“Növbə 19:55 radələrində başa çatdı. Çölə çıxdıq və yüksək səslər eşitdik. Dostumla qorxaraq ən yaxın binaya qaçdıq. Ancaq sonra qayıtmaq qərarına gəldik”.
Kamil güllə yarası almış bir neçə nəfəri yolun kənarına sürüyüb, yoldan keçən maşınları saxlayıb, yaralıları mindirib, konsertə gecikənlərin hamısını ərazidən uzaqlaşdırıb. Binada Kamil qapıları sındıraraq insanlara hara qaçacaqlarını göstərib.
“Hər şey tüstülənəndə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı, 80-ə yaxın adamı gördüm və onlara çıxmağa kömək etdim. İnsanları axtarıb qaçarkən yerdə fənəri yanmış smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Telefon zəng çaldı - Kamilla adı yazılmışdı, telefonun dəstəyində bir qız yüksək səslə qışqırdı və onu xilas etməyi xahiş etdi. O qorxdu, dedi ki, ətrafda hər şey yanır və özü də ikinci mərtəbədəki bir meydançaya düşüb” – deyə Kamil söyləyib.
Həmin an Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanında olan Kamil hər şeyi izah edib, sonra güclü tüstüdən boğularaq binadan çıxarılıb. Xoşbəxtlikdən qız tapılıb, Kamil daha sonra xilasedicilər vasitəsilə Kamillaya telefonunu təhvil verib.
Bizim.Media