Amerikanın “B-1B Lancer” strateji bombardmançı təyyarəsi təlim uçuşu zamanı ABŞ Hərbi Hava Qüvvələrinin “Ellsworth” bazasında qəzaya uğrayıb.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Cənubi Dakotada baş verən qəza yanğınla nəticələnib.
Dörd ekipaj üzvündən heç biri ciddi xəsarət almayıb.
Hadisə yanvarın 4-də saat 17:50-də təyyarə eniş edərkən baş verib. Meteoroloji hesabatlar göstərir ki, həmin an qatı duman olub və havanın temperaturu sıfırın altında olub.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin bazasında 45 B-1 bombardmançı təyyarəsi var və onlardan 20-dən çoxu Rapid Siti yaxınlığındakı “Ellsworth” bazasında yerləşdirilib.
Hərbi mütəxəssislərin hesablamalarına görə, təyyarə aşağı döyüş effektivliyinə malikdir, tezliklə xidmətdən çıxarılacaq və “B-21 Raider” gizli bombardmançıları ilə əvəz olunacaq.
Rövşən Ziya, Bizim.Media