Krallıq vəzifələrindən tamamilə imtina edən Şahzadə Harri Silikon vadisindəki şirkətlərdən birində rəhbər vəzifəyə gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı martin 23-də “The Wall Street Journal” nəşri yayıb.
Söhbət karyera təlimi və psixi sağlamlıq şirkəti olan “BetterUp”dan gedir.
"İnsanların həyatına təsir göstərmək niyyətindəyəm. Aktiv məşqlər fərdi inkişaf, məlumatlılıq və həyatda hərtərəfli inkişaf üçün sonsuz imkanlar yaradır". Şahzadə Harri belə deyib.
“BetterUp” şirkətinin baş direktoru Aleksi Robiço "bunun əhəmiyyətli və ciddi bir vəzifə olduğunu" vurğulayıb.
Əmək müqaviləsinin təfərrüatları açıqlanmayıb. Yalnız Şahzadə Harrinin tabeçiliyində heç kəsin olmadığı bilinir, ancaq şirkətin San Franciskodakı qərargahında o, görünməli, iclaslarda və xüsusi tədbirlərdə iştirak etməlidir.
BetterUp 2013-cü ildə qurulub və iki mindən çox təlimçi şəbəkəsini əhatə edir.
Xatırladaq ki, 2020-ci ilin əvvəllərində varislik sıralamasında altıncı yeri tutan Şahzadə Harri və həyat yoldaşı Megan Markle maliyyə müstəqilliyini qazanmaq üçün kral ailəsinin yüksək səviyyəli üzvlərinin statusundan imtina etmək niyyətində olduqlarını bildiriblər.
Cütlük II Yelizaveta ilə razılığa gələrək Krallığın markasına hüquqlarını itiriblər. Qərar 2020-ci ilin martında qüvvəyə minib.
Sonra onlar ABŞ-a köçüb. Ər-arvad bu yaxınlarda ikinci övladlarını gözlədiklərini açıqlayıb və nəhayət Britaniya kral ailəsinin üzvləri vəzifələrinə qayıtmaq niyyətində olmadıqlarını təsdiqləyiblər.
Bizim.Media