Bu gün Qusarın Mucuq kəndində sentyabr şəhidi Şair Heydərovun xatirə abidəsinin açılışı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, xatirə abidəsi şəhidin atası Camal Heydərovun şəxsi təşəbbüsü və vəsaiti hesabına inşa edilib.
Açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayənləri, Mucuq kənd sakinləri, şəhidin hərbçi yoldaşları iştirak ediblər.
Mucuq kənd sakini Camal Heydərov yeganə oğlunu itirdiyinə çox üzülsə də, onun Vətən yolunda qurban getməyindən qürur duyduğunu və bundan təsəlli tapdığını deyib.
Çıxış edənlər Şair Heydərovun 2022-ci il sentyabr ayının 13-də Ermənistanla dövlət sərhədində düşmən təxribatı nəticəsində 24 yaşında qəhrəmancasına şəhid olmasından ətraflı danışıb.
Camal Heydərov öz şəxsi vəsaiti ilə inşa etdirdiyi xatirə abidəsini şəhid oğlu Şairin doğum gününə hədiyyə etdiyini söyləyib.
Xatirə abidəsində Mucuq kəndinin və ətraf kəndlərin Birinci Qarabağ və Vətən Müharibəsi şəhidləri ilə yanaşı Qusarın Vətən Müharibəsi şəhidlərinin də portretləri də yer alıb. Ata bununla övladına son borcunu vermək istədiyini açıqlayıb.
Bu gün 25 yaşı tamam olan Şair Heydərovun Mucuq kənd qəbristanlığındakı məzarı ziyarət edilib,ruhu hörmətlə anılıb.
Sonra sentyabr şəhidi Şair Heydərovun xatirəsinə vaxtilə yaşadığı evdə doğum günü ilə əlaqədar tort kəsilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu