ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontreras (Raoul Contreras) Ermənistanda antisemitizm hallarının artmasına dair televiziya verilişi hazırlayıb.
Bizim.Media-nın məlumatına görə, veriliş “The Contreras Report” müəllif proqramı çərçivəsində ərsəyə gətirilərək yayımlanıb.
Sözügedən verilişdə müəllif İsrail hökumətinin hesabatına istinad edərək, dünyada antisemitizmin geniş yayıldığını, xüsusilə Azərbaycanın Vətən müharibəsindən sonra Ermənistanda bu kimi halların sürətlə artdığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da faşistlərə işləyən erməni haqqında film çəkildi - VİDEO
R.Kontreras antisemitizmin Ermənistanda yeni olmadığını, nüfuzlu yəhudi təşkilatı olan Anti-Defamasiya Liqasının sorğusuna əsasən Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən antisemit ölkə olduğunu dilə gətirib.
Bundan başqa, müəllif “Pew” araşdırma mərkəzinin Mərkəzi və Şərqi Avropada antisemitizmə dair hesabatına istinad edərək, Ermənistanın bu bölgədə ən antisemit ölkə olduğunu, əhalinin 32 faizinin yəhudiləri öz ölkələrində görmək istəmədiklərini qeyd edib.
O, daha sonra Yerevandakı Holokost memorial abidəsinin dəfələrlə vandalizm aktlarına məruz qaldığını deyib.
Müəllif qondarma “erməni soyqırımı”nın yəhudilər tərəfindən planlaşdırılması və həyata keçirilməsi haqda saxta nəzəriyyənin ötən əsrin 60-cı illərindən başlayaraq Ermənistanda müxtəlif tarixçilər tərəfindən geniş yayıldığını və bunun ölkədəki antisemitizm hallarının artmasına böyük təkan verdiyini vurğulayıb.
R.Kontreras bu yaxınlarda erməni faşistlərin Yerevanda keçirdiyi mitinq haqda məlumat verərək, mitinq iştirakçılarından birinin yəhudilərə nifrət aşılayan müsahibəsini də verilişdə təqdim edib.
R.Kontreras ABŞ-ın nüfuzlu yəhudi mətbu orqanı olan “Forward” qəzetinin bu yaxınlarda dərc olunan araşdırmasına əsasən hazırda Ermənistanda 22 faşist abidəsinin mövcud olduğunu və onların hamısının Qaregin Njdeyə həsr edildiyini qeyd edib.
Müəllif nasist Almaniyası ilə əməkdaşlıq etmiş Q.Njde və Drastamat Kanayanın bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını, onlara həsr olunmuş memorial abidələrin, heykəllərin, küçələrin və meydanların mövcudluğunu diqqətə çatdırıb.
O həmçinin Q.Njdenin əsasını qoyduğu irqçi daşnak hərəkatı olan Tseğakronizm hərəkatı haqda da danışıb.
Müəllif bu gün ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbi təşkilatları olan Amerika Erməni Milli Komitəsi (ANCA) və Erməni Gənclər Təşkilatının (AYF) həmin daşnakların davamçıları olduğunu vurğulayıb.
Sonda R.Kontreras antisemitizm hallarının xüsusilə Los Ancelesdə fəaliyyət göstərən erməni lobbi təşkilatlarında açıq şəkildə müşahidə olunduğunu diqqətə çatdıraraq, ötən il İsrailin Los Ancelesdəki baş konsulluğu qarşısında ANCA-nın keçirdiyi etiraz aksiyasında daşnakların İsraili nasist Almaniyası ilə eyniləşdirən şüarlar qaldırdığını da qeyd edib.
Xatırladaq ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.
Bizim.Media