Ankaradan göyə qalxan təyyarəmiz Türkiyənin üçüncü böyük şəhəri olan İzmirə enəndə həyəcanlandım. Limanlarının sayına görə İstanbuldan sonra ikinci böyük şəhəri gəzib-görmək, turizm və tarixi məkanlarında olmaq üçün səbirsizlənirdim.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, eləcə də nazirllik yanında Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən 1 həftəlik səfərimizin proqramında İzmir turizminin tanıdılması da yer alırdı.
“Safe Tourism” layihəsi çərçivəsində bir qrup azərbaycanlı jurnalistin səfər etdiyi İzmirin gözəl yaz havası ilə bizi qarşılayacağını təsəvvür etmirdim. Şəhərə enər-enməz şəhər nurlu sabahı və təmiz havası ilə çöhrəmizə gülməyə başladı.
MÖVZU İLƏ BAĞLI:
Ağ gəlinlik geyinmiş İstanbul onu görməyə gələnləri izləyir - REPORTAJ+İSTANBUL
Əvvəlki günlərdə olduğumuz Ankara və İstanbulun qarlı havasından sonra nəfis baharın gəlişi ilə salamlaşmışdıq.
Hava limanında bizi gözləyən avtobusla hərəkət etdikcə yol boyu qalacağımız otelə qədər Avropaya bənzər İzmiri seyr etməyə başladım. Təxminən 5 milyona qədər əhalisi olan İzmir həm çox qədim tarixi, həm də muasirliyi ilə diqqəti cəlb edirdi.
İstanbuldan səfərlənən qağayılar...
Egey dənizi ilə əhatələnən İzmir sahili boyunca dövrə vuran qağayılar sanki bizlə yol yoldaşı olmaq üçün İstanbuldan bura səfərbərlənmişdilər.
Şimalda Madra dağları, cənubda Quşadası körfəzi, qərbdə Çeşmə yarımadasının Təknə burnu, şərqdə Aydın, Manisanın sərhədləri ilə əhatə olunan İzmir, qərbdə İzmir adıyla tanınan körfəzlə qovuşur.
Türkiyə miqyasında xüsusi çəkiyə malik olan bu şəhər fərqli və əsrarəngiz dizanyla əhatələnmiş tikililərlə zəngindir.
Tarixi memarlıq üslubu ilə göz oxşayan binalara və məkanlara günlərlə doyum olmaz desək yanılmarıq.
Təsadüfi deyil ki, 8500 illik tarixi ilə tanınan İzmir Efes, Məryəm Ana, Saat qülləsi, Agora, Pergamon, Erythrai, Menderes, Urla, Torbalı, kilisələr, sinaqoqlar, məscidlər, körpülər və muzeylər kimi tarixi məkanların ünvanıdır. Türkiyədə ən böyük turistik şəhərlərindən biri olan İzmirə hava, quru və su yollarından səyyahət etmək mümkündür.
Otelə yaxınlaşanda nahar yeməyinə az qalmışdı. Bir qədər istirahətdən sonra otelin xüsusi yeməkxanasına qalxdıq.
İki günlük İzmir qonaqlığımız zamanı şəhərin milli mətbəxi ilə də yaxından tanış olmaq şansı qazandıq. Menyu siyahısında daha çox yer alan müxtəlif növ balıq çeşidlərinin təamına doyum olmurdu.
100 ildən artıq tarixə qovuşan seyrçilər...
Tarix boyu turistləri cəlb edən İzmirin mərkəzi Konak meydanı ilə tanınıb. Həm yerli, həm də turistlərin zövq aldığı bu məkan istirahət mərkəzinə çevrilib.
Konak meydanı İzmirin simvolu hesab edilən möhtəşəm Saat qülləsi ilə daha cəlbedici görünür. Qüllə 1901-ci ildə Osmanlı sultanı II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü münasibətilə tikilib.
Osmanlı hərbi dəniz donanmasının komandanı Səid Paşa tərəfindən inşa etdirilən 25 metr hündürlüyündə qüllə meydanın düz mərkəzində qərar tutub.
Palma ağacı ilə əhatələnmiş bu meydan Fransız memarı Raymond Çarles Pierin layihəsi əsasında inşa edilib.
Qüllədəki saat alman imperatoru II Vilhelm tərəfindən türk-alman dostluğunun yadigarı olaraq sultana hədiyyə edilib. O vaxtdan etibarən qüllədəki saat işləmə qüvvəsini saxlayır.
1901-ci il sentyabrın 1-də keçirilən rəsmi açılışdan sonra Saat qülləsi İzmirin rəmzinə çevrilib.
Yonulmuş daşlardan tikilən və mərmərlə üzlənən qüllənin ətrafında 4 fəvvarə də var. Nəfis tərtibatlı minarə formasında olan Saat qülləsi, möhtəşəm memarlıq əsəridir.
Abidənin qərar tutduğu, ətrafında fəvvarələrin yer aldığı, göyərçinlərlə dolu Konak meydanı İzmirə zəngin və əsrarəngiz gözəllik, şəhəri görməyə gələnlərə isə xoş təssürat bağışlayır.
Meydan boyu yem satan orta yaşlı qadınlar göyərçinləri yemləmək üçün turistləri haraylayır.
Göyərçinlərlə əhatələnmiş fotodan məmnun turistlər isə bu haraya həvəs və maraqla cavab verərək, evinə çörək pulu aparmağa tələsən satıcıları məmnun edirdilər. Kimisi isə saatlarla əsrarəngiz memarlıq üslubu ilə inşa edilmiş qüllədəki saatın ərqəblərinə tamaşa edirdi. O əqrəblər seyr edənləri başqa aləmə, 100 ildən artıq tarixə qovuşdurmuşdu...
İzmirin xarici ənənələrindən biri də ucu-bucağı görünməyən Şərq bazarları ilə əhatələnməsidir.
Alıcıların istənilən ehtiyacının ödənilməsinə şərait yaradan bu çarşıdan hər şüy tapmaq mümkündür. Alver məqsədilə ölkəyə gələn turistlər kimi bizim də səfər proqramımıza türk bazarlarına və ticarət mərkəzlərinə səyahət daxil idi...
Nadir gözəlliyə, tarixi zənginliyə malik İzmirə 2 günlük səfərimiz silinməz təəssüratlarla yadda qaldı.
Vaxt azlığı şəhərin zənginliklərlə dolu tarxini canlı olaraq vərəqləməyə imkan verməsə də, İzmir sehrinə təkrar qayıtmaq istəyində olduğuma əminəm...
Alçina Amilqızı, Bizim.Media, İzmir