Xalq artisti Ənvər Həsənovun səhhəti ilk gündən Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, ailəsi və həkimləri ilə mütəmadi olaraq danışıqlar aparılır.
Qurumun Bizim.Media-ya açıqlamasında bildirib ki, bir neçə gün əvvəl aktyorun səhhətində problem yaranmış və o, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
Götürülmüş test nəticələrinə əsasən Ə.Həsənovda COVİD-19 virusu aşkarlandığına görə hazırda Xalq artistinin müalicəsi karantin qaydalarına uyğun olaraq davam etdirilir.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa yoluxan Ənvər Həsənovun VƏZİYYƏTİ NECƏDİR? – ÖZƏL
Ailəsinin də razılığına əsasən COVİD-19 ilə bağlı müalicəsi və karantin müddəti başa çatdıqdan sonra aktyor səhhətində ola biləcək hər hansı başqa xəstəliklər və narahatlıqlarla əlaqədar onun digər klinikalarda müayinəsi və müalicəsi ilə bağlı Nazirlik tərəfindən lazımi tədbirlər görüləcəkdir.
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Rəşad Əliyev, Bizim.Media