İstehsalı dayandırılmış filmlər niyə BƏRPA OLUNMUR? – Rejissorların ŞİKAYƏTİ

Hazırda oxunan: İstehsalı dayandırılmış filmlər niyə BƏRPA OLUNMUR? – Rejissorların ŞİKAYƏTİ

87157

“Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib”. 

Aktyor Səməndər Rzayev “Bəyin Oğurlanması” filmində söylədiyi bu ifadənin üstündən uzun illər ötməsinə baxmayaraq hələ də, keçərlidir.

Düzü çətinliyi hamı tərəfindəndən qəbul edilsə də görünən odur vacibliyi unudulmaq üzrədir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə ilə Mədəniyyət Nazirliyi 2019-cu ildə ssenari müsabiqəsi elan etmişdi. 

Qalib olan ssenarilər arasında Pərviz Həsənovun “Manpası Qutusu” və Mirbala Səlimlinin “Xoş sonluqlu faciə” əsərləri də olub.

Hazırlıq mərhələsi tamamlanan filmlərin pandemiya səbəbi ilə çəkilişləri təxirə salınıb. Lakin artıq pandemiya bitsə də müəlliflər filmlərinin aqibəti barədə Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə çalışan şöbəsindən heç bir məlumat ala bilmirlər.

Bizim.Media-ya danışan rejissor Pərviz Həsənov bildirib ki, dövlət sifarişi əsasında hazırlanacaq filmimin büdcəsi də Kino Studiyaya göndərilib və filmin hazırlıq mərhələsinə başlanılmışdı:

“Məsələyə cavab verəcək yeganə qurum Mədəniyyət Nazirliyi olsa da, hələ də nazirlikdən filmin aqibəti ilə bağlı heç bir məlumat ala bilməmişəm. Özümə görə demirəm, sənət adına nazirlik tərəfindən bu cür addımların atılmasını doğru hesab etmirəm. Əgər Nazirlik filmimi istehsalatdan saxlayacaqsa, ən azı o filmin ssenari müəllifi və rejissoru kimi mənə açıqlama verməyə borcludur”.

Əməkdar incəsənət xadimi Mibala Səlimli də bildirib ki, yarımçıq qalmış filmin rejiissor ssenarisindən tutmuş, aktyor seçiminə kimi hamısı hazır imiş: 

“Mədəniyyət Nazirliyində aparılan kadr islahatlarından sonra cənab nazirin bir neçə film haqqında çıxan əmrində yazılmışdı ki, müvəqqəti olaraq filmin istehsalı  dayandırılsın və üzərində iş davam etdirilsin. Mənim eşitdiyimə görə nazirlik tərəfindən istehsalı dayandırılan bu filmlərin yenidən çəkiləcəyi bildirilsə də filmin ssenari müəllifi və rejissoru olaraq mənə bu barədə heç bir məlumat verilməyib. Hələ də “Xoş sonluqlu faciə” filminin taleyinin Mədəniyyət Nazirliyi tərəfindən necə həll olunmağını gözləməkdəyəm”.

Yaranmış problemlə əlaqədər Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənovun fikirlərini öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz sonuclandı. 

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin