Lənkəran xanının vəziri ifadəsini eşidəndə ilk ağlımıza gələn nəsnələrdən biri də Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəridir. Bildiyimiz kimi, böyük Mirzə Fətəli bütün əsərlərini müəyyən hadisələr üstündə yazıb və hamısının tarixi hekayəsi var. Yəni onun bütün qəhrəmanları özündən əvvəlki və öz dövrünün şəxslərinin prototipləridir.
İndi haqqında söhbət edəcəyimiz durum da təxminən o dövürləri özündə ehtiva edir.
Talış xanlığınün üç dönəm Baş vəziri olmuş Mirzə Xudaverdi bəyin bir zamanlar yaşadığı evinin acınacaqlı vəziyyətdə olması haqqında xəbər eşitdik. Yol tutduq Astara rayonunun Pensər kəndinə. Həyətə qədəm basar-basmaz gördüyümüz mənzərə təbii ki, çox üzücü idi. 200 ildən çox yaşı olan evin dağılmış divarları, ”qocalmış” qapı-pəncərələri acı keşmə-keşini ilk olaraq özü danışır.
Hazırda isə bu həyətdə Baş Vəzirin üç oğlundan birinin, mahalda Mirzə Əhməd kimi tanınan Əhməd bəyin törəmələri yaşayır.
Onlardan biri Nərgiz Əhmədova bizə bələdçilik eləyir. Deyir ki, qapının üstündəki cəftədə 1826-ci il yazılsa da əslində bu ev daha əvvəl tikilib:
“Ulu babam Xudaverdi bəy sarayda yaşasa da Pensər kəndində bu evi oğlu Mirzə Əhməd üçün tikdirib. Arada özü də gəlib qalarmış. Ev iki otaqlı tikilsə də bir otağı sonralar sökülüb dağılıb”. Xanlığın ikinci adamı olmuş Xudaverdi bəyin bir zamanlar istifadə etdiyi əşyalar hələ də durur.
Ailə öz imkanları hesabına səcərədən qalmış mirasları qorumağa çalışır. Hətta o vaxtlar özünəməxsus mühafizə sistemi olan seyf rolunu oynamış xüsusi sandıq da günümüzə qədər gəlib çıxıb.
Nərgiz Əhmədova deyir ki, sandığa yaxınlaşanda o zil çalardı:
“Yağış suları bu möcüzəli sandığı xarab elədi, daha səsi çıxmır. Keçmişdə çox adlı sanlı adamların evində o sandıqdan olub”.
Nərgiz Əhmədova deyir ki, babası Mirzə Əhməd isə dövrünün tanınmış ziyalısı və şairi olub. Həm də xətattlıqla məşğul idi:
“Baxmayaraq ki, atası Lənkəran xanın Baş vəziri idi, Mirzə Əhməd öz zəhməti ilə dolanıb. Gözəl əl qabiliyyəti, şeirləri ona xüsusi hörmət qazandırıb. Onun xəttinin gözəlliyi zamanında xanlığını hüdudundan kənar mahallarda da məşhur idi. Xanlığın süqutundan sonra, 1883-cü ildə Lənkəran xanlığının tarixindən bəhs edən “Əxbərnamə” əsərini yazıb və həmin kitabda atası tərəfindən tikilən bu ev barədə geniş məlumat verib”.
Tayfanın bacarığı hətta talış xanlığının süqutundan, 1823-ci ildən sonra da rusların diqqətində olub. Və bu səbəbdən Xudaverdi bəyin oğlu Mirzə Əhməd uzun illər Rus-Damojnısında (Gömrükxana – red.) Sərhədbəyi vəzifəsində çalışıb.
Nərgiz Əhmədova deyir ki, babalarımız Qarabağdan gəlib, məşhur zərgərlilər nəslindənik. Ulu babam Kərbalayı Qurban Qarabağdan Pensər kəndinə gəlib yurd-yuva olub, sayılıb seçilən bir nəsil formalaşdırıb və oğlu Xudaverdi bəy savad və qabiliyyiətinə görə Lənkəran xanın Baş vəziri olmağa qədər ucalıb. O vaxtdan bu kənddə də bizim yurdumuz aynayıb-artıb:
“Amma mən gözümü açandan bu evi belə görmüşəm. 7-8 ildən çoxdur ki, ev qəzalı vəziyyətdədir. Üç aydan bir gəlib şəklini çəkib gedirlər. Təmir edən isə yoxdur”.
Evdə indiyə kimi heç bir təmir işi aparılmadığı üçün öz orjinallığını qoruyub saxlayıb. İki otaqdan ibarət olan tikili ümumlikdə tamamilə çiy kərpicdən inşa olunub. Divarların qalınlığı 1metrdir, elə buna görə də divarların müəyyən hissəsində uçulmalar müşahidə olunsa da hələ də ev öz görkəmində qalmaqdadır.
Qeyd edək ki, qədim ev yerli əhəmiyyətli memarlıq abidəsi kimi 4098 inventar nömrəsi ilə qeydə alınıb və belə demək olarsa, qorunur.
Vəzirin bəlalı evinin son durumu ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Bizim.Media-ya isə bildirilib ki, tarixi abidə kimi qorunan evin təmiri üçün ailə üzvləri rəsmi olaraq sözügedən quruma müraciət etməyiblər. Həmin müraciətdən sonra onun təmiri ilə bağlı layihə həyata keçirilə bilər.
Məsələni gündəmdə saxlayacağıq.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Mədəniyyət
12:42 / 06.06.2022
Lənkəranın Baş vəzirinin viran qalmış yurdu – REPORTAJ + SON FOTOLAR
Hazırda oxunan: Lənkəranın Baş vəzirinin viran qalmış yurdu – REPORTAJ + SON FOTOLAR
Hazırda oxunan: Lənkəranın Baş vəzirinin viran qalmış yurdu – REPORTAJ + SON FOTOLAR
77896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.