“Bu sənəti sevib-seçib gələndə tamam başqa atmosfer idi. O atmosfer mənim xoşuma gəlirdi. Həmin zamanlar incəsənət yüksək səviyyədə idi. Tanınmışların arasında gənc müğənnilər yox idi. Əksəriyyəti sənətkarlar idi. Birdən-birə hər şey dəyişdi”.
Bu sözləri efirlərdən ilim-ilim itən Əməkdar artist Səbinə İlyasova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
“Efirlərdə senzura var idi, sonra da yox oldu. Sənəti, səsi olmayan müğənnilər efirlərə çıxmağa başladı. Bunları görəndən sonra çaş-baş qaldım. Düzdür, dəyişilik olmalıdır. Amma yaxşılığa doğru. Hər şey yerində dayanmamalıdır, inkişaf olmalıdır”.
Müğənni kənara çəkilməsini sənət aləmində baş alıb gedən özbaşınalıqla əlaqələndirib.
“1998-2000-ci illərdən incəsənətdə biabrçılıqlar, özbaşnalıqlar başladı. Mən adət etməmişdim belə halları görməyə. Bu, dırnaq içində olan yeniliklərə adaptasiya ola bilmədim. Köhnə nəslin bəzi nümayəndələri adaptasiya ola bilirlər. Məəttəl qalırdım ki, axı bunlar məktəb və sənət görmüş sənətkarlardır. Onlar necə bütün bunlara adaptasiya ola bilirlər? 1990-2000-ci illərdə incənətdə elə bir dövr yaranmışdı ki, yaxşı heç nə yox idi. Küçədən götürüb kimisə müğənni adı ilə atırdılar efirlərə. Bu vəziyyəti görüb, dəhşətə gəlirdim. Bir müddət sonra isə sənət aləmində hər şey yaxşılığa doğru getməyə başladı”.
O sonra fikirlərini belə davam edib:
“İndi elə bir vəziyyət yaranıb ki, yaxşılar pislərə qarışıb. İncəsənətdə xaosdur. Baxıb görürsən ki, gözəl sənətkarların içində qanqallar çoxdur. Sonradan gələn istedadsızlar kökü hələ də kəsilməyib. Çaşqınlıq içindəyəm. Təbii ki, indi pislər daha çoxdur”.
Televiziya aparıcılarını sərt şəkildə tənqid edib, sənətdan bixəbər olanları göbələk adlandıran S.İlyasova onların meydanda at oynatmasına qarşı çıxıb, ünvanlarına “dişinin dibindən” çıxanları deyib.
“Pisləri görüb başım gicəlləndi, gözlərim qaraldı, şoka düşdüm. Çünki mən əsl sənət və sənətkarlar görmüşəm. Mərhum, dahi Rəşid Behbudovun teatrında yeddi il çalışmışam. Xaricdə böyük səhnələr görmüşəm. Bunları görüb, çəkildim kənara. 5-6 ildir ki, televizora baxmıram. Yalnız sosial şəbəkələrdən hamını izləyirəm. Zövgümə uyğun musiqiləri, verilişləri və filmləri izləyirəm. Efirlərdə olan aparıcılar sanki konveyerdən çıxıblar. Hamı bir-birinə bənzəyir. Hamı bir həkimin əlinin altından çıxıb sanki. Plastik əməliyyat etdirib, bir-birilərinə oxşayırlar. İntellekt yox səviyyəsində. Onların düşüncə səviyyəsi ilə mənim intellektim üst-üstə gəlmir. Əyləncəli verilişlərdə bir qram belə olsun nə məntiq var, nədə ki səviyyə. Şit zarafatlar edirlər. Müğənnilər bütün şəxsi həyatlarını açıb, ortalığa töküblər. Bu heç də doğru deyil. Müğənni gizli qalmalıdır ki, tamaşaçı onu axtarsın, onun üçün darıxsın. Tamaşaçılar üçün müğənnilər adiləşib. Hamı bilir müğənni kimə ərə gedib, neçə uşağı var, kimin “həcisi” və məşuqu var.
Həcilər dəbə minib. Biabırçılıq, rüsvayçılıq baş alıb gedir. Sənətdən bixəbərlər... Onları yağışdan sonra çıxan göbələyə bənzədirəm. Bu şəxslər bizim kimi sənətçilərin adlarına kölgə saldılar, işlərinə pəl vurdular. Onlar hətta xalqın müğənnilərə qarşı münasibətini pis və mənfi yöndə dəyişdilər”.
Bəzi həmkarlarının müxtəlif yollarla özlərinə bəzək-düzək verərək, səslərinin artıq batdığını söyləyən Əməkdar artist onları “ağ yuyub, qara sərib”.
“İnsan bir işdən dörd əllə yapışıb qalmalı deyil. Elə insanlara görməmiş kimi baxıram. Həyatda hər şey əbədi deyil. Zamanında “stop” deməyi bacarmalısan. Əgər mən gənc yaşlarımda bu qədər sevilmişəmsə, indi də unudulmuram. Sosial şəbəkələrdə haqqımda insanlar xoş sözlər yazılrar. Oxuyub həm sevinirəm, həm də kövrəlirəm. Bir dəfə də olsun özümə qarşı tamaşaçılardan mənfi rəy nə oxumuşam, nə də ki eşitmişəm. Baxmayaraq ki, 7-8 ildir ki, efirlərə çıxmıram, amma tamaşaçılar məni unutmayıblar. O hörməti onlardan qazanmışam və buna görə də çox xoşbəxt və bəxtiyaram. Yaş ötdükcə həm cavanlığını, həm təravətini, həm də səsini itirirsən. Yaşla bağla keyfiyyət azalır. Düzdür, görünüşü qismən də olsa plastik əməliyyatla qaytaranlar çoxdur.
Amma səs o deyil axı. Onlar çalışırlar ki, nələrisə geri qaytarsınlar, itirməsinlər. Şan-şöhrətlərini, statuslarını itirməmək üçün bərk-bərk yapışırlar bu sənətdən. Özləri də başa düşmürlər ki, cavanlıqla qocalıq arasında olan fərqi tamaşaçı görür. Nə qədər əməliyyat edirirsənsə et, səsini kompüterlə düzəlt, amma inan ki, hər şey göz önünə gəlir”.
Dünyanı cənginə alan koronavirus bəlasının Səbinədən də yan keçmədiyini bildirib.
“Pandemiyaya qədər mən bir çox tədbirlərdə çıxışlarım oldu. Pandemiya da çox pis xəstələndim. Koronavirusa yoluxdum. İki həftə özümdə olmadım. Oyanıb gördüm ki, dəhşətli dərəcədə arıqlamışam. Heç nə yemirdim. Müalicələrin sahəsində sağaldım və yenə də ayaqdayam”.
“Sənətdən getməmişəm. Fəaliyyətimi davam etdirirəm. Sadəcə, şou proqramlarda çıxış etmirəm. Onlara hörmətsiz baxıram. 2014-cü ilə qədər toya gedirdim, sonra dayandırdım. Bu xasiyyətimlə gərək ümumiyyətlə bu sənəti seçməzdim. 120 manat Əməkdar artist məvacibi alıram. Həyat yoldaşım Oqtay İsmayılov Amerikada yaşayır və orada çalışır. O mənə pul göndərir, mən də yaşayıram. Rəşid Behbudov dünyasını dəyişənə kimi o, R.Behbudov adına mahnı teatrının musiqi rəhbəri dirijoru olub. Oqtay kimi sənətkarı bizim Mədəniyyət nazirliyi əldən buraxdı. Onun mədəniyyətimiz üçün böyük töhfələri olub.
Oqtay “Qaya” instrumental ansamblının səsləndirdiyini bir sıra mahnıların aranjimançısı olub. Amerikada fortepianodan özəl dərslər verir. Özünün çox sayda tələbələri var. Sənətə çox böyük dəyər verən insan olduğuna görə, heç zaman toylara getməyib. Bataqlığa düşmək istəməyib”.
Əməkdar artist oğlu Fəridin də okeanın o tayında - ABŞ-da yaşadığını söyləyib.
“Özüm də tez-tez Amerikaya həyat yoldaşımın yanına gedirəm. Oqtay artıq Amerika vətəndaşıdır. Oğlum Fərid da orada yaşayır. Keçən il Nyu-York dövlət universitetinin maqistraturasını bitirib. Fərid futbol komandasında çalışır. O, “idman menecmenti” fakultəsini bitirib. Nyu-York universitetindən əvvəl isə Fərid dünyanın bir nömrəli universiteti “Harvard”da pullu dərslər alıb”.
Fəridin hələ də subay olduğunu deyən S.İlyasova onu evləndirmək üçün qız axtardığını deyib.
“Fəridin 34 yaşı var. O hələ də subaydır. Oğlumla hər gün danışıram. Fərid deyir ki, Amerikada insanlar robot kimidilər. Gecə-gündüz qarışqa kimi dayanmadan işləyirlər. Oğlum amerikalı qızla evlənmək istəmir. Orada olan azərbaycanlı qızlar isə onun xoşuna gəlmir. Bir sözlə, gəlin axtarışındayıq. Amerikaya köçmək kimi niyyətim də yoxdur”.
Rəşad Əliyev, Bizim.Media