Nazirin birinci müavini: “Mədəniyyətimiz ölkəmizdən böyükdür”

Hazırda oxunan: Nazirin birinci müavini: “Mədəniyyətimiz ölkəmizdən böyükdür”

74446

“Mədəniyyətimizə tam olaraq sahib çıxmasaq, sahiblənmək istəyənlər çox tapılacaq. Hətta milli yeməyimiz olan dolmamıza da sahib çıxmaq istəyənlər tapıldı”.

Bizim.Media xəbər verir ki, bu sözləri bəstəkar Rauf Hacıyevin 100 illiyi münasibətilə keçirilən tədbirdə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev səsləndirib.

O, gənclərimizin milli mədəniyyətimizi yaxından tanıması baxımından nazirliyin yeni bir layihəyə start verdiklərini açıqlayıb:

“Yeni mədəni gənclik layihəsinə başlayacağıq. Məqsəd tələbələrimizin mədəniyyətimizlə bağlı biliklərini artırmaqdır. Pilot layihə kimi  ilkin olaraq Bakı Dövlət Universitetini seçmişik. Hər ay 300-ə yaxın tələbələri mədəniyyət müəssisələrinə dəvət edərək mədəniyyətimizlə bağlı məlumatlandıracayıq. Misal üçün tələbələrimiz tamaşaya baxmazdan əvvəl o tamaşa barədə 15 dəqiqəlik informasiya alacaqlar. Biz artıq bunu strukturlaşdırmışıq. Mədəni marifləndirməyə böyük ehtiyac var”.

Çıxışı zamanı milli kimlik və özünü dərk məsələlərinə də toxunan Elnur Əliyev milli kimliyimizin zahirən heç nəyə  bağlı olmadığını vurğulayaraq bunun kökündə birbaşa olaraq mədəni dəyərlərimizin dayandığını söyləyib.

“Bir şəxsin milli kimliyi dinlədiyi musiqiyə, bildiyi milli ədəbiyyata, hətta muğamlarımızdan kövrəlməsinə bağlıdır. Milli kimlik zaman keçdikcə ancaq mədəniyyətə söykənməyə başlayır. Sabahkı günə özümüz olaraq çıxmaq üçün mədəniyyətimizə bağlanmalıyıq”.

Azərbaycan mədəniyyətinin ərazimizin hüdudlarında deyil, daha böyük coğrafiyada formalaşdığını söyləyən Elnur Əliyev mədəniyyətimizin ölkəmizdən böyük olduğunu vurğulayıb:

“Biz xəritədə böyük ölkə olmasaq da, mədəniyyətimizlə ərazisi böyük olan ölkələrdən daha böyükük. Azərbaycan mədəniyyətini aysberqə bənzədirəm. Görünən az bir hissənin altında daha böyük bir hissə var. Bəzi hallarda vətəndaşlarımız aysberqin kiçik hissəsini gördükləri üçün özlərini çox da böyük hiss etmirlər. Mədəniyyət sahəsində olan insanların məqsədi bu aysberqi olduğu kimi göstərməkdir”.

Düşmənlərimizin mədəniyyət nümunələrimizə təcavüz edərək özününkü kimi dünyaya tanıtmasına gəlincə isə nazir müavini məhz bu cür yanaşma ortaya qoyub:

“Düşmən kənardan Azərbaycan mədəniyyətinin böyüklüyünü asanlıqla gördüyü üçün bizdən qorxur. Mədəniyyətimiz müstəsnadır və xoşbəxtik ki, hər əsrdə fərqli bir dahimiz var. Elə bir əsr var ki, Azərbaycanda doğulub yaşamış dahilərin sayı başqa ölkələrdə tarix boyu olmayıb.

Dəyərlər mədəniyyəti formalaşdırır. Məsələn Rauf Hacıyevin şux ruhu olmasaydı, operetta yaza bilməzdi. Məhz buna görə də onun yaratdığı məhsul dəyər yaradıb”.

Mədəni və iqtisadi məhsulların davamlılığına toxunan Elnur Əliyev bu mənada mədəni məhsulların uzun ömürlülüyünə diqqət çəkib:

“Rauf Hacıyevin yazdığı əsərlər yüz illərlə yaşayacaq. İqtisadiyyatda elə bir məhsul yoxdur ki, bu qədər yaşasın. Son model “Mercedes”in belə 100 il davamlılığı olmur. Yaradıcı şəxsiyyətlərə sahib olan Azərbaycanımızla fəxr etməliyik”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin